İQTİSADİYYAT
Məmməd Musayev: Gələn il Azərbaycan sahibkarlardan ibarət nümayəndə heyəti İrana səfər edəcək
Bakı, 6 dekabr, AZƏRTAC
Gələn il Azərbaycan sahibkarlardan ibarət nümayəndə heyəti İran İslam Respublikasına səfər edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev İranın Urmiya vilayətinin Ticarət, Sənaye, Kənd Təsərrüfatı və Mədən Palatasının prezidenti Hassan Entezarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə deyib. Görüşdə həmçinin Azərbaycan-İran iqtisadi və ticarət əlaqələri ilə bağlı müzakirələr aparılıb.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti M.Musayev Azərbaycan-İran ticarət əlaqələrinin inkişafından, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün ölkədə böyük potensial olduğundan söhbət açıb. O qeyd edib ki, son vaxtlar keçirilən Azərbaycan-İran biznes forumlar, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri gələcək əməkdaşlığın təməl daşını qoyur.
Gələn il sahibkarlardan ibarət böyük nümayəndə heyəti ilə İrana səfər edəcəyini deyən M.Musayev bu səfərin münasibətlərin səmərəli əməkdaşlıq üçün faydalı olacağına ümid etdiyini bildirib.
H.Entezar isə Azərbaycan iqtisadiyyatına ölkəsində marağın böyük olduğundan, iki ölkə arasında özəl sektorun müxtəlif sahələrində geniş əməkdaşlıq imkanlarının mövcudluğundan söhbət açıb.
O bildirib ki, Urmiya mədənləri və meyvə tərəvəzi ilə məşhurdur. İl ərzində 1 milyon 200 min ton alma, 220 min ton üzüm istehsal etdiklərini deyən iranlı qonaq Urmiya və Azərbaycan iş adamlarının əməkdaşlığı zəruriyyətini, üçüncü ölkəyə məhsul ixrac etmək arzusunda olduqlarını dilə gətirib. Eyni zamanda, 1200 fabrik və müxtəlif zavodların fəaliyyət göstərdiyi Urmiya bölgəsinə azərbaycanlı iş adamlarını qarşılıqlı əməkdaşlığa dəvət edib.
Görüşdə Azərbaycan Sahibkarlar Konfederasiyasının məsul əməkdaşları ilə iranlı sahibkarlar arasında müzakirələr aparılıb.