İQTİSADİYYAT
Məmməd Musayev: "Azexport" sayəsində mahlıc 30 faizdən baha ixrac olunur
Bakı, 10 iyul, AZƏRTAC
"Azexport" portalının fəaliyyətə başladığı 6 ay ərzində 192 milyon ABŞ dolları həcmində ixrac sifarişi daxil olub. İlk yarımildə Azərbaycandan qeyr-neft ixracının beşdə birindən də çox artmasında "Azexport" xüsusi rol oynayıb. Hətta bəzi məhsullar "Azexport"dan əvvəl satıldığından daha baha qiymətə satılıb.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev AZƏRTAC-a bildirib ki, bu gün ölkəmizdə gedən islahat prosesləri inqilabi xarakter daşıyır və çox sürətlə gedir: "Elektron ticarət platforması - "Azexport" portalının yaradılması Azərbaycanda ixracata böyük dəstək verdi. "Azexport" portalı ilə əməkdaşlığa başladığımız vaxt pambıq mahlıcının ixrac satış qiyməti təxminən 1300-1350 ABŞ dolları dəyərində idi. "Azexport"un sayəsində hazırda bu qiymət 1750 ABŞ dollarına qədər yüksəlib və bu artımın davam edəcəyini gözləyirik. Beləliklə, "Azexport"un tapdığı xarici müştərilər sayəsində mahlıcın hər tonu 400-450 ABŞ dolları və ya üçdə birə qədər baha satılmaqla ölkəyə milyonlarla əlavə ixrac valyutası gətirilir".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyri-neft ixracının artırılması istiqamətində atdığı addımlar, o cümlədən, "Azexport" portalının yaradılması qeyri-neft ixracının həcmini, çeşidini və coğrafiyasını daha da genişləndirib.
Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.