REGİONLAR
“Məmməd Səid Ordubadi: Həyatım və mühitim” miniatür kitabının təqdimat mərasimi keçirilib
Ordubad, 2 iyul, AZƏRTAC
Ordubad şəhərindəki Məmməd Səid Ordubadinin ev-muzeyində “Məmməd Səid Ordubadi: Həyatım və mühitim” miniatür kitabının təqdimat mərasimi olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Əliyev çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il aprelin 10-da “Məmməd Səid Ordubadinin 140 illik yubileyi haqqında” Sərəncam imzaladığını bildirib. Həmin Sərəncamın icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il aprelin 17-də imzaladığı Sərəncam ilə təsdiq olunan “Məmməd Səid Ordubadinin 140 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na uyğun olaraq, yazıçının əsərlərinin bir qismi yenidən çap edilib.
Nəzərə çatdırılıb ki, sərəncamdan sonra “Məmməd Səid Ordubadi: Həyatım və mühitim”, “Məmməd Səid Ordubadi: taleyi və sənəti”, Yavuz Axundlunun “Məmməd Səid Ordubadi” kitabları nəşr edilib, yazıçının 140 illik yubileyi qeyd olunub. Bu gün təqdimatı olan “Məmməd Səid Ordubadi: Həyatım və mühitim” miniatür kitabı da ədibin 140 illik yubileyinə həsr edilib.
Qeyd olunub ki, Azərbaycanda, eləcə də dünyada yeganə Miniatür Kitab Muzeyinin yaradıcısı Zərifə xanım Salahova bu miniatür kitabın ərsəyə gəlməsində böyük zəhmət çəkib. 278 səhifədən ibarət olan “Məmməd Səid Ordubadi: Həyatım və mühitim” miniatür kitabında onun yaşadığı dövrlə, mühitlə bağlı fikirləri geniş yer alıb. Müəllif kitabın “Familiyamız”, “Şeir və ədəbiyyatın qiyməti”, “İpək ticarəti”, “Mən ipək zavodunda”, “Qəflət”, “Culfada”, “İyul günləri”, “Naxçıvan həbsxanasında” və sair fəsillərində həyatının uşaqlıq illərindən başlayaraq 1917-ci ilə qədər olan hadisələri qələmə alıb. Onun həyatının ağır, çətin günləri, XX əsrin əvvəllərində inqilabi fəaliyyətə qoşulması, qəzetdə çalışması, sürgünlərdə olması kitabda real lövhələrlə təsvir olunur.
Məmməd Səid Ordubadinin ev-muzeyinin direktoru Rüstəm Rəhimov, Ordubad rayon Aşağı Əndəmic kənd kitabxanasının böyük kitabxanaçısı, Məmməd Səid Ordubadinin qohumu Sevinc Məmmədova çıxış edərək, kitabın nəşr edilməsində əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər.
Sonda tədbir iştirakçılarına “Məmməd Səid Ordubadi: Həyatım və mühitim” miniatür kitabı hədiyyə edilib, görkəmli yazıçının ev-muzeyinə baxış olub.