REGİONLAR
“Mən Azərbaycan haqqında nə bilirəm?” müsabiqəsinin qalibi olan əcnəbi gənclər Qəbələyə səfər ediblər
Qəbələ, 18 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC
Gənclər və İdman, Xarici İşlər nazirliklərinin təşkilatçılığı ilə 2015-ci ilin fevral-aprel aylarında xarici ölkələrin gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse yazı müsabiqəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqənin Argentina, Banqladeş, Braziliya, Butan, Çexiya, Fransa, Hindistan, Litva, Meksika, Monteneqro, Rumıniya və Serbiyadan olan qaliblərinin iyulun 10-20-də Azərbaycana səfəri təşkil edilib. Azərbaycanı qarış-qarış gəzən əcnəbi gənclər səfər çərçivəsində Qəbələ rayonunda olublar.
Qonaqlar 900 il ərzində Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhərinin qalıqları və qala divarlarının yerləşdiyi “Çuxur Qəbələ” Tarix-Bədii Qoruğuna, Tarix-Diyarşünaslıq Muzeyinə və Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksinə səfər edərək rayonun tarixi, zəngin təbiəti, turizm infrastrukturu ilə yaxından tanış olublar.