MƏDƏNİYYƏT
“Mən Bakını sevirəm” sənədli filminin çəkilişləri başa çatıb
Bakı, 20 noyabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” kinostudiyasında dövlət xadimi, Əməkdar Mühəndis, SSRİ Dövlət mükafatı laureatı Əliş Ləmbəranskiyə həsr olunmuş “Mən Bakını sevirəm” adlı sənədli filmin çəkilişləri başa çatıb.
Rejissor Tahir Əliyev AZƏRTAC-a bildirib ki, Əliş Ləmbəranski respublikamızda bir sıra sənaye və mədəniyyət müəssisələrinin qurulmasında, Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsində böyük xidmətlər göstərib. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı əsasında Əliş Ləmbəranskinin 100 illik yubileyi ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunmaqdadır. Bu yubiley münasibətilə hazırlanan otuz dəqiqəlik sənədli filmdə də Əliş Ləmbəranskinin həyat və fəaliyyətindən, onun rəhbərliyi ilə inşa edilən və Bakı şəhərinin simasını dəyişən binalardan bəhs olunur.
Filmin ssenari müəllifi Əməkdar Jurnalist Nadejda İsmayılova, quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Cəmil Fərəcov, prodüseri Nazim Hüseynov, icraçı prodüseri Kamil Məmmədovdur.
Çəkilişlər Bakı, Bərdə və Moskva şəhərlərində aparılıb.
Filmdə, həmçinin Azərbaycan Dövlət Filim Fondunun, Rusiya arxivlərinin foto və videomateriallarından istifadə olunub.