CƏMİYYƏT


“Mən azərbaycanlıyam” milli bilik yarışmasının qalibləri mükafatlandırılıb VİDEO

A+ A

Bakı, 2 noyabr, Həsrət Mahmudova, Pərvin Ələkbərov, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Rabitə və Yüksək Texnologiyalar, Təhsil nazirliklərinin, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “Mən azərbaycanlıyam” milli intellektual bilik yarışmasının 6-cı mövsümünün qaliblərinin noyabrın 2-də mükafatlandırılması mərasimi olub.

AZƏRTAC xəbər verir ki, mükafatlandırma mərasimində əvvəlcə layihəyə həsr olunan videoçarx nümayiş etdirilib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirdə çıxış edərək altı il əvvəl start verilən layihənin cəmiyyətimiz, o cümlədən gənclərimiz tərəfindən böyük maraqla qarşılandığını vurğulayıb. Bildirib ki, bu günlərdə dövlət müstəqilliyinin bərpasının 25 illiyini qeyd edən Azərbaycanda dövlət gənclər siyasəti uğurla reallaşdırılır. Gənclərlə işin dövlət siyasətinin ayrılmaz hissəsi olduğunu qeyd edən İ.Babayev onlara diqqət və qayğı göstərilməsinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu söyləyib. Bildirib ki, ümummilli lider Heydər Əliyev gənclərimizin geniş intellektə, dünyagörüşünə malik olmalarına, milli vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyə edilmələrinə, fiziki cəhətdən sağlam yetişmələrinə xüsusi diqqət yetirirdi. Qürurverici haldır ki, müasir Azərbaycanın sağlam gəncliyi ölkəmizi bütün sahələrdə layiqincə təmsil edir. Gənclərimizin potensialının inkişaf etdirilməsi dövlət gənclər siyasətinin tərkib hissəsidir. “Mən azərbaycanlıyam” layihəsi isə intellektual potensialı olan gənclərin üzə çıxarılmasına imkan yaradır. Bu layihənin qalibi olmuş gənclər bu gün öz uğurları ilə fərqlənirlər.

Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, təhsil nazirinin müavini Firudin Qurbanov, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Elsevər Dünyamalıyev də çıxışlarında “Mən azərbaycanlıyam” intellektual bilik yarışmasının gənclər arasında populyar olduğunu, müsabiqənin auditoriyasının ildən-ilə genişləndiyini vurğulayıblar. Qeyd edilib ki, Azərbaycan gənclərinin tariximizi, milli mənəvi dəyərlərimizi, tarixi-mədəni irsimizi dərindən öyrənmələri baxımından bu yarışma mühüm rol oynayır. Geniş tamaşaçı kütləsinə malik olan, xüsusən də gənclər arasında böyük maraqla qarşılanan layihənin məqsədi gənclərə Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını tanıtmaq, onları milli mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə etmək sahəsində məqsədyönlü işin aparılmasıdır.

Sonra bilik yarışmasının qaliblərinə mükafatlar təqdim olunub.

Ümumilikdə 36 gənc mükafatlandırılıb. Altıncı mövsümün qalibi Fərid Hüseynov (Bakı), eləcə də ikinci yerin sahibləri olan Elmin Əzizov (Qax), Müseyib Şirəliyev (Bakı) və Adil Qarayev (Bakı) isə xüsusi mükafatlarla təltif ediliblər.

Mükafatlandırmadan sonra mərasim tanınmış incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.