REGİONLAR
“Mən həyatı seçirəm” adlı maarifləndirmə layihəsinə start verilib VİDEO
Xızı, 1 iyul, Elxan Yusifli, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Mən həyatı seçirəm” adlı genişmiqyaslı maarifləndirmə layihəsinə iyulun 1-də Xızıda start verilib.
AZƏRTAC xəbər verir ki, gənclərin iştirakı ilə Xızı rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə erkən nikah, qan qohumluğu, ziyanlı vərdişlərin yaratdığı fəsadlar, sağlam həyat tərzi və reproduktiv sağlamlıq, nikahdan əvvəl tibbi müayinənin əhəmiyyəti və digər mövzular ətrafında müzakirələr aparılıb.
Xızı Rayon İcra Hakimiyyəti ilə birgə təşkil olunan görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, Komitə tərəfindən mütəmadi olaraq respublikamızın şəhər və rayonlarında cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, milli mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, sağlam həyat tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı və digər mövzular ətrafında müxtəlif layihələr həyata keçirilir. “Mən həyatı seçirəm” adlı genişmiqyaslı maarifləndirmə layihəsi də onlardan biridir.
Komitənin sədr müavini bildirib ki, layihəni keçirməkdə əsas məqsəd gənclərin diqqətini bir daha ailə, sağlamlıq, ziyanlı vərdişlərin fəsadları və digər bu kimi məsələlərə cəlb etməkdir. Azərbaycanın tarixən gözəl ailə ənənələri vardır və həmin ənənələr bu günümüzədək qorunub saxlanılıb. Bugünkü nəslin üzərinə düşən ən böyük məsuliyyət isə bu ənənələri gələcək nəsillərə ərməğan etməkdir.
Qeyd edilib ki, son illər Azərbaycan qanunvericiliyinin milli adət-ənənələrə əsaslanaraq formalaşdırılması və inkişafı, ailə münasibətlərini tənzimləyən bir sıra normativ hüquqi aktların qəbulu ölkədə sağlam ailələrin formalaşmasına səbəb olub. Bu istiqamətdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mühüm işlər görülür.
Tədbirdə çıxış edən Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Süleymanova maarifləndirmə layihəsinin əhəmiyyətindən danışaraq, gəncləri müzakirə olunan mövzuları daim diqqətdə saxlamağa səsləyib.
Çıxış edənlər ümumbəşəri bəlalardan sayılan narkomaniyanın cəmiyyətə, dövlətə, ailə dəyərlərinə vurduğu fəsadlardan söz açıblar. Narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir fərdinin fəal rol oynamasının zəruriliyi diqqətə çatdırılıb.
Görüş zamanı gənclərin müzakirə olunan məsələlərlə bağlı sualları cavablandırılıb.