REGİONLAR
Mən peşəmə bağlıyam, ona görə də harada işləməyim əsas deyil
Ağstafa, 23 sentyabr, Famil Quliyev, AZƏRTAC
Cari tədris ilində Təhsil Nazirliyinin təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçən müəllimlərdən 17 nəfəri Ağstafa rayonuna təhkim olunub. Rayona göndərilən gənc müəllimlərdən biri də Xəlilova Nuranə Qinyaz qızıdır.
AZƏRTAC xəbər verir ki, 1995-ci ildə Goranboyun Ağamalıoğlu kəndində anadan olan Nuranə orta məktəbi həmin kənddə oxuyub, 9-cu sinifdən Gəncə Humanitar Kollecinin musiqi müəllimliyinə qəbul olunub.
Müəllimliyi çox sevir. Atası musiqiçi olduğu üçün uşaqlıqdan musiqiyə bağlıdır. İxtisas seçərkən də elə məhz musiqi müəllimliyini seçib. Təhsil aldığı illərdə musiqiyə daha çox bağlanıb.
Doğma rayonundan uzaqda - Ağstafanın Poylu kəndində işləmək onun üçün elə də çətin deyil. “Mən peşəmə bağlıyam, ona görə də harada işləməyim əsas deyil. Əsas odur ki, mən şagirdlərə nə isə öyrədə bilim. Lazım olsa ən ucqar dağ kəndinə belə getməyə razıyam. Burada yaşamaq mənə çətin gəlmir, çünki mən əvvəlcə də kənddə yaşayırdım”, - deyə Nuranə bildirib.
O, regionlarda işləmək istəyən müəllimlərə heç bir çətinlikdən qorxmamağı, ən əsası peşələrini sevməyi tövsiyə edib.
Müəllim-şagird münasibətində aparıcı qüvvənin müəllim olduğunu vurğulayan Nuranə Xəlilova deyib: “Əgər müəllim bu münasibəti qoruyub saxlayırsa, o, tədrisdə istədiyi uğurları əldə edir. Tədris etdiyim məktəbdə müəllim-şagird münasibəti çox yaxşıdır”.
Poylu kənd camaatının sevimlisinə çevrilən Nuranə asudə vaxtlarında dünyada və Azərbaycanda musiqi sahəsində olan yeniliklərlə maraqlanır. Eyni zamanda, kirayədə qaldığı ev sahibinə də kömək edir.