MƏDƏNİYYƏT
“Mən poeziyanı sevirəm” şüarı altında şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 16 fevral, AZƏRTAC
“Excelsior Hotel Baku” otelində “AtaHolding” şirkətlər qrupunun əməkdaşlarının uşaqları arasında “Mən poeziyanı sevirəm” şüarı altında şeir müsabiqəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqədə müxtəlif yaşlarda olan 30-dək uşaq iştirak edib. Münsiflər heyətinin üzvləri Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri, əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva, telejurnalist Səadət Məmmədova və “AtaSığorta” ASC-nin əməkdaşı Günel Rəsullu müxtəlif meyarlar üzrə verdiyi balların maksimal sayını toplamış iştirakçılara hədiyyələr və “AtaHolding” ASC-dən sertifikatlar təqdim ediblər. Şeir müsabiqəsində ən yüksək balla Selcan Ağayeva birinci yerə, Nicat Əmirli və İlqaz Ayan ikinci yerə, Humay Həsənli, Əli Yusifzadə və Ömər Rzayev üçüncü yerə layiq görülüblər.
“AtaHolding” ASC-nin idarə heyətinin sədr müavini Rəşad Rəsullu qeyd edib ki, aksiyanın keçirilməsində məqsəd uşaqların poeziyaya diqqətini cəlb etmək, asudə vaxtın faydalı keçirilməsinin və uşaqların bacarıqlarını üzə çıxarmaqdır.
Aksiya “AtaHolding” ASC-nin sosial proqramlara, mədəniyyətin və incəsənətin inkişafı sahəsində layihələrə, ölkədə təhsilin səviyyəsinin yüksəldilməsi dəstəyinə yönəldilmiş Korporativ Sosial Məsuliyyəti çərçivəsində keçirilib.