İQTİSADİYYAT
Mənfəət, gəlir, əmlak və yol vergisi üzrə bəyannamələrin son təqdimetmə müddəti başa çatır
Bakı, 29 mart, AZƏRTAC
Martın 31-də mənfəət, gəlir, əmlak və yol vergisi üzrə bəyannamələrin vergi orqanlarına təqdim edilməsinin müddəti başa çatır.
Vergilər Nazirliyindən AZRƏRTAC-a bildiriblər ki, 2014-cü ilin yekunlarına görə gəlir vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisi bəyannaməsini, mənfəət vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident hüquqi şəxslər isə mənfəət vergisinin bəyannaməsini bu il mart ayının 31-dək vergi orqanına təqdim etməyə və hesablanmış vergiləri tam həcmdə dövlət büdcəsinə ödəməyə borcludurlar. Əmlak vergisinin ödəyicisi olan müəssisələr əmlak vergisinin bəyannaməsini, Azərbaycan Respublikasının ərazisində ötən ilin sonu vəziyyətinə mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan hüquqi şəxslər isə yol vergisinin bəyannaməsini vergi orqanına təqdim etməyə, hesablanmış vergiləri tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.
Nazirlik xatırladır ki, Vergi Məcəlləsinin 57-ci, 58-ci və 59-cu maddələrinə əsasən vergi hesabatını və vergi öhdəliyinin yaranmaması barədə arayışı müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə 40 manat məbləğində, vergi məbləğini hesabatı təqdim etməməklə yayındırdıqda isə yayındırılmış məbləğin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Vergilər qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, bir ildən çox olmamaqla ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməmiş vergi məbləğinin 0,1 faizi miqdarında faiz tutulur.