CƏMİYYƏT
“Mənim bayrağım” adlı növbəti təlim Ağcabədi gənclər üçün keçirilib
Bakı, 1 mart, AZƏRTAC
“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyinin Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Mənim bayrağım” layihəsi çərçivəsində növbəti təlimi Ağcabədi Pedaqoji Kollecində təşkil edilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, 35-a yaxın gəncin iştirak etdiyi təlimdə Laçın Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Mustafayev layihə haqqında gənclərə məlumat verib. O, dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biri olduğunu vurğulayıb.
Ağcabədi Pedaqoji Kollecinin direktor müavini Rövşən Bayramov qeyd edib ki, dövlət rəmzləri olan bayrağımız, gerbimiz və himnimiz hər bir xalqın müqəddəs və mədəni xəzinəsidir. Dövlət rəmzləri hər bir xalqın tarixi keçmişini, bu gününü və sabahını təcəssüm etdirir. Dövlətçilik ənənələrinin, dövlət rəmzlərinin ictimaiyyət arasında təbliği, xüsusən də gənc vətəndaşlar arasında tanıdılması vacib məsələdir.
Sonra təlimçi Tofiq Əzizov gənclərə dövlətçilik tariximizdə mövcud olmuş dövlətlərin istifadə etdiyi bayraqlar haqqında danışıb.
Təlimdə iştirakçılara “Mənim bayrağım” adlı kitab və bukletlər paylanılıb.
Tədbirin sonunda gənclərə sertifikatlar təqdim olunub.