MƏDƏNİYYƏT


“Mənim tanıdığım Vaqif” tammetrajlı sənədli filminin təqdimatı keçirilib

A+ A

Bakı, 25 oktyabr, AZƏRTAC

Oktyabrın 25-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və BP Azərbaycan şirkəti tərəfindən virtuoz caz ifaçısı Vaqif Mustafazadəyə həsr olunmuş "Mənim tanıdığım Vaqif" tammetrajlı sənədli filminin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, BP-nin Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı ekran əsəri barədə məlumat verib. Deyib ki, Vaqif Mustafazadə haqqında çox filmlər çəkilib. Lakin bu filmin özəlliyi ondadır ki, burada Vaqifin müasiri olmuş dünyanın görkəmli caz ifaçıları onun bənzərsiz sənət dünyasından söz açır.

Tamam xanım qeyd edib ki, ekran əsərinə baxan hər bir kəs Vaqif Mustafazadəni yenidən kəşf edəcək və belə bir həmvətəninin olmasına görə qürur duyacaq.

Telejurnalist Rahib Azəri V.Mustafazadənin ömür yolundan, Azərbaycan musiqisi sənətinə bəxş etdiyi dəyərsiz incilərdən söz açıb.

Bildirilib ki, Vaqif Mustafazadənin musiqiyə vurğunluğu elə göz açdığı ailədən qaynaqlanırdı. Atası Əziz hərbçi olsa da, musiqiyə son dərəcə bağlı bir insan idi, gözəl tar çalırdı. Dahi Üzeyir Hacıbəyli məktəbinin yetirməsi olan anası Zivər xanım isə gözəl pianoçu olmaqla yanaşı, muğamı bütün incəliyi ilə bilirdi. Belə bir ailədə böyüyən Vaqifin musiqiyə olan qeyri-adi bağlılığı qətiyyən təəccüblü deyildi. Bu fərqi hamıdan tez anası Zivər xanım duymuşdu.

Vurğulanıb ki, Vaqif Mustafazadə ilk musiqi təhsilini anası Zivər xanımdan aldıqdan sonra 1957-ci ildə Asəf Zeynallı adına musiqi məktəbinə daxil olub. Təhsil aldığı illərdə o, əvvəlcə xalq çalğı alətləri orkestrində pianoçu, az sonra isə Azərbaycan Radio Komitəsində pianoçu-solist kimi işləyib. Vaqif 1965-ci ildə Tbilisidə “Orero” ansamblına musiqi rəhbəri kimi dəvət alıb, elə həmin ildə “Qafqaz” caz triosunu yaradıb.

Vurğulanıb ki, qısa, lakin mənalı ömür yaşayan Vaqif Mustafazadə 1000-dən çox caz kompozisiyasının müəllifi olub.

Təqdimat mərasimində çıxış edən BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrel filmin ərsəyə gəlməsindən danışıb. “Azərbaycanın uzunmüddətli neft və qaz tərəfdaşı kimi BP şirkəti burada fəaliyyətə başladığı ilk günlərdən bu ölkənin zəngin mədəni irsi ilə yaxından bağlı olub. Bu vaxtadək biz Azərbaycan mədəniyyətinin inkişafına, habelə onun möhtəşəm mədəni irsinin təbliğinə xidmət edən çoxsaylı uğurlu layihələrin təşəbbüskarı olaraq onları həyata keçirib”, - deyə Qordon Birrel vurğulayıb.

Bu layihənin maliyyələşməsindən qürur duyduqlarını bildirən natiq deyib: “Vaqif Mustafazadə dünyanın ən məşhur caz pianoçularından və bəstəkarlarından biridir. Bizə yaxşı məlumdur ki, bu qeyri-adi istedada malik görkəmli caz ifaçısı bütün dünyada yüksək rəğbət qazanıb. O, Şərq və Qərb musiqisinin ən yaxşı janrlarının fantastik sintezini yaratmağa nail olub. Bu sintez nəticəsində Azərbaycanın milli musiqisi olan muğamın və Qərb cazının heyranedici qarışığı meydana çıxıb. Ümid edirəm ki, bu film Vaqif Mustafazadənin möhtəşəm ifasının əbədiləşməsinə və onun böyük istedadına dünya miqyasında olan hörmətə və verilmiş qiymətə töhfə olacaq”.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan musiqi mədəniyyətində mühüm yeri olan Vaqif Mustafazadənin sənət dünyasından söz açıb. Bildirib ki, o, Qərblə Şərqi öz musiqisində birləşdirib. Çox qısa, lakin mənalı bir ömür yaşayan V.Mustafazadənin yaratdığı əsərlər bu gün də dinləyiciləri heyran edir.

Vurğulanıb ki, Vaqifin 1967-ci ildə Tallində ümumdünya caz festivalındakı çıxışı ona dünya şöhrəti qazandırdı. Bu festivala dünyanın 3 mindən çox musiqiçisi qatılmışdı. Tallinin “Kalev” idman zalında bir-birinin ardınca səhnəyə çıxan məşhur caz ustalarının çıxışlarını böyük caz mütəxəssisi Velis Konoverin başçılıq etdiyi münsiflər heyəti qiymətləndirirdi. Tallində qazandığı böyük uğurdan sonra Vaqif Gürcüstana deyil, Azərbaycana dönür. Bu, qəribə bir dönüş idi. Bakıya qayıdan Vaqif Mustafazadə burada “Caz-trio”, “Leyli”, “Caz-Muğam” ansambllarını yaradır. Melodiya firmasında onun 9 albomu çıxır.

Vaqif Mustafazadəyə həsr edilən filmi yüksək qiymətləndirən nazir müavini bildirib ki, filmin Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə ənənəvi Bakı Beynəlxalq Caz Festivalı günlərində təqdimatı olduqca əlamətdardır. Artıq 11-ci dəfə keçirilən bu festivala dünyanın müxtəlif ölkələrindən ən məşhur caz ifaçıları qatılıb. Oktyabrın 30-dək davam edəcək festival Bakının ən böyük konsert salonlarında keçirilir.

“Mənim tanıdığım Vaqif” tammetrajlı sənədli filminin çəkilişinə göstərdiyi köməkliyə görə BP-nin Azərbaycan şirkətinin rəhbərliyinə minnətdarlığını bildirən Ə.Vəliyev Vaqif Mustafazadə sənətinin bütün zamanlarda seviləcəyinə əminliyini ifadə edib.

Daha sonra “Mənim tanıdığım Vaqif” tammetrajlı sənədli filmi nümayiş olunub.

Film Vaqif Mustafazadənin müasirləri olan, onun sənət irsinə, şəxsiyyətinə sevgi və rəğbət bəsləyən Rusiya, Gürcüstan, Estoniya, Polşa və Amerika caz ustalarının xatirələri üzərində qurulub. Sənədli filmdə Vaqif Mustafazadənin həyatının bəzi epizodları anılıb və digər məşhur musiqiçilərin Azərbaycanın dünyaca məşhur caz ifaçısı haqqında düşüncələri lentə köçürülüb.

Rejissorları Əli Xakidani və İrakli Apakidze, ssenari müəllifi Füzuli Sabiroğlu olan 40 dəqiqəlik bu ekran əsəri Azərbaycan dilində səslənsə də, alt yazısı kimi ingilis dilindən istifadə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.