REGİONLAR
Məntəqə seçki komissiyasının sədri: Hər bir şəxs seçki günü səsverməni onlayn izləyə bilər VİDEO
Xaçmaz, 16 oktyabr, Elxan Yusifli, AZƏRTAC
55 saylı Xaçmaz şəhər seçki dairəsində noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə hazırlıq işləri sürətlə davam edir. Seçki dairəsini əhatə edən 42 məntəqənin hər biri seçkilərə tam hazır vəziyyətə gətirilir.
AZƏRTAC xəbər verir ki, Xaçmaz şəhər Mədəniyyət Mərkəzinin binasında yerləşən 8 saylı məntəqə dairədə seçici sayının çoxluğuna görə fərqlənir. Bu məntəqədə 1340 seçici qeydə alınıb. Onlardan 16 nəfəri ilk dəfə səsvermə hüququndan istifadə edəcək gənclərdir.
Məntəqə seçki komissiyasının sədri Cəlil Mərdanov AZƏRTAC-a müsahibəsində bildirib ki, seçicilərin tam şəffaf və demokratik şəraitdə səs verməsi üçün məntəqədə hər bir şərait yaradılıb. Məntəqənin yerləşdiyi bina fasiləsiz elektrik enerjisi, istilik, yüksək sürətli internet və digər zəruri avadanlıqlarla təmin olunub, seçki kabinələri quraşdırılıb. Seçiciləri maarifləndirmək üçün Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilən plakatların məntəqədə asılması da təmin edilib.
“Məntəqədə veb-kamera quraşdırılıb. Hər bir şəxs seçki günü səsverməni onlayn izləyə bilər”, - deyən C.Mərdanov, həmçinin bildirib ki, məntəqə seçki komissiyasının üzvləri seçkilərə hazırlıq çərçivəsində Mərkəzi Seçki Komissiyasının tövsiyəsinə əsasən təşkil olunan treninqlərdə uğurla iştirak ediblər. Hazırda seçki məntəqəsində seçicilərə paylanmaq üçün bildiriş vərəqələri yazılır.
Qeyd edək ki, 55 saylı Xaçmaz şəhər seçki dairəsinə daxil olan 42 seçki məntəqəsində 43 min 743 seçici qeydiyyatdadır.