SİYASƏT


Mənüçöhr Mottaki: İran ilə Azərbaycan artıq həmrəyliyə nail olublar

Tehran, 6 avqust, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili ölkədə “İslam Həmrəyliyi İli” elan etməsi və bu il çərçivəsində Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi dünya müsəlmanlarını həmrəyliyə səsləmək baxımından önəmli addımdır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İranın keçmiş xarici işlər naziri Mənüçöhr Mottaki deyib.

M.Mottaki bildirib ki, bu gün İslam aləminin ən böyük ehtiyacı həmrəylikdir. Azərbaycan Prezidentinin bu ideyası çox sevindiricidir. Həmrəyliyə nail olmaq sülhün və əmin-amanlığın bərpasına nail olmaq deməkdir. Bu səbəbdən də Azərbaycan dövlətinin başçısının bu qərarı və atdığı real addımlar yüksək qiymətləndirilməlidir.

Sabiq nazir deyib ki, Tehranda keçirilən “İslam Həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” birgə konfrans çox əhəmiyyətli bir tədbirdir. Belə tədbirlər terrorçuluğun qarşısının alınmasına yönəlib. İran ilə Azərbaycan yaxın qonşu, dost və qardaş ölkələrdir. Xalqlarımızın eyni dinə, tarixə və adət-ənənələrə malik olması əlaqələrimizin inkişafına təkan verir. Hər iki ölkənin prezidenti siyasi iradə nümayiş etdirərək münasibətləri inkişaf etdirirlər. Üçüncü tərəfin bu münasibətlərə müdaxiləsi yolverilməzdir. İran və Azərbaycan bölgədə müstəqil siyasət apararaq xalqlarımızın mənafeyini ifadə edirlər.

M.Mottaki qeyd etdi ki, rəsmi Tehran ilə rəsmi Bakının münasibətləri kifayət qədər yüksək səviyyədədir və digər ölkələrə nümunə ola bilər. Dövlətlərimiz arasındakı münasibətlərin təhlili göstərir ki, İran ilə Azərbaycan artıq həmrəyliyə nail olublar.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.