İQTİSADİYYAT
Mənzil fondunun idarə olunmasının təşkilində bələdiyyələrin və ictimai birliklərin rolu müzakirə olunub
Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 28-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarının, bələdiyyələrin, ictimai təşkilatların, mənzil mülkiyyətçilərinin nümayəndələrinin və ekspertlərin iştirakı ilə “Mənzil fondunun idarə olunmasının təşkilində bələdiyyələrin və ictimai birliklərin rolu” mövzusunda “dəyirmi masa” keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə nazirliyin mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov mənzil-kommunal sahəsində aparılan institusional islahatlar, bu sahənin inkişaf perspektivləri barədə məlumat verib, mənzil fondunun bazar iqtisadiyyatı prinsiplərinə uyğun idarə edilməsi və lazımi səviyyədə saxlanmasının təşkili, eləcə də sahə mülkiyyətçilərinin idarəetmədə yaxından iştirakının təmin olunması məqsədilə həyata keçirilən tədbirlərdən danışıb. Son illər müvafiq qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə bir sıra normativ aktlar qəbul edilib ki, bunlardan biri də yeni Mənzil Məcəlləsidir. Məcəllə mənzil-kommunal təsərrüfatı sahəsində yeni münasibətlərin formalaşmasında, eləcə də mənzil fondunun idarə olunmasında mütərəqqi idarəetmə üsullarının tətbiqində əsas hüquqi bazadır.
Nizami Qasımov qüvvədə olan qanunvericilik aktlarında bələdiyyələrə kifayət qədər səlahiyyətlərin verildiyini qeyd edib, bununla belə, mənzil fondlarının idarə olunmasında yerli özünüidarəetmə orqanlarının rolunun artırılmasının zəruriliyini vurğulayıb.
Milli Məclisin deputatı Tahir Rzayev mənzil-kommunal sahəsində, eləcə də mənzil fondunun idarə olunmasının təşkilində və əhalinin maarifləndirilməsində vətəndaş cəmiyyəti institutlarının rolunu vurğulayıb.
Sonra İqtisadiyyat Nazirliyinin mənzil-kommunal siyasəti şöbəsinin müdir müavini Fərrux Dadaşov çoxmənzilli binalarda idarəetmənin təşkilində bələdiyyələrin vəzifələri, eləcə də bu istiqamətdə görülmüş işlərə dair təqdimatla çıxış edib. Mövzuya dair müzakirələr aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.