İQTİSADİYYAT


Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin sayı 31-ə çatıb

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC

2016-cı il oktyabrın 1-nə Bakı şəhərinin Yasamal rayonunda 8, Binəqədi rayonunda 6, Xətai rayonunda 5, Nərimanov rayonunda 3, Nəsimi və Səbail rayonlarının hər birində 4 və Abşeron rayonunda 1 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) yaradılaraq dövlət qeydiyyatından keçib. Bununla da ölkə üzrə MMMC-lərin sayı 31-ə çatıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda nazirlik tərəfindən ölkənin ayrı-ayrı ərazilərində yerləşən çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqinin dəstəklənməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən mənzil-kommunal sahəsində qanunvericiliyin təbliği, bu sahədə formalaşmaqda olan yeni münasibətlər, çoxmənzilli binalarda mütərəqqi idarəetmə üsullarının tətbiqinə dair maarifləndirmə tədbirləri davam etdirilir. Nazirliyin təşkilatçılığı ilə mütəmadi olaraq Bakıda və ölkənin digər şəhərlərində çoxmənzilli binaların sahə mülkiyyətçiləri ilə görüşlər keçirilir, onlara Mənzil Məcəlləsindən irəli gələn hüquq və vəzifələr, yeni idarəetmə metodlarının üstünlüyü barədə məlumat verilir, habelə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin təşkili istiqamətində tövsiyələr verilir, maarifləndirici broşürlər və materiallar paylanılır.

Bununla yanaşı, sahə mülkiyyətçiləri arasında maarifləndirmə və təbliğat işlərinin təmin olunması, onların suallarının cavablandırılması, binalarda idarəetmənin təşkilinə yardım göstərilməsi məqsədilə nazirliyin təşəbbüsü və yerli icra orqanlarının, eləcə də bələdiyyələrin təşkilatçılığı ilə Bakı şəhərinin Binəqədi, Nizami və Nəsimi rayonlarında, həmçinin Sumqayıt və Mingəçevir şəhərlərində maarifləndirmə mərkəzləri yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.