CƏMİYYƏT
Mənzildən qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO
Bakı, 27 aprel, AZƏRTAC
Qeyri-aşkar şəraitdə törədilmiş mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması və açılması istiqamətində daxili işlər orqanları tərəfindən uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nərimanov Rayon Polis İdarəsi və 18-ci polis bölməsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaş Lalə İspəndiyarovanın yaşadığı mənzildən 12 min 500 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Nərmin Mustafayeva və Əli Nəbiyev saxlanılıblar. Oğurluq hadisəsi zərərçəkən şəxs ailə üzvləri ilə birgə Sabirabad rayonunda olan zaman baş verib.
Zərərçəkən şəxs oğurluq hadisəsi barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat verəndən sonra ərazi üzrə Nərimanov Rayon Polis İdarəsi və 18-ci polis bölməsinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu hadisə yerinə baxış keçirib. Ev sahiblərinin izahatı alınıb müvafiq olaraq əl-barmaq izləri götürülüb. Hadisə yerinə baxış zamanı məlum olub ki, oğurluq edən şəxslər mənzilə dəhlizdəki pəncərənin şüşəsini qıraraq daxil ola biliblər.
Qeyd edək ki, hadisənin baş verdiyi mənzil cinayəti törətməkdə şübhəli bilən Nərmin Mustafayevanın dünyasını dəyişən dayısına məxsus olub. O, ifadəsi zamanı qohumlarının evdə olmamasından istifadə edərək planlaşdırdığı oğurluq hadisəsini tanışı Əli Nəbiyevlə birlikdə həyata keçirdiklərini etiraf edib.
Həmin faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.