ELM VƏ TƏHSİL
“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” mövzusunda hesabat tədbiri keçirilib
Bakı, 14 iyul, Maqsud Dadaşov, AZƏRTAC
İyulun 14-də Təhsil Nazirliyi tərəfindən “Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” mövzusunda hesabat tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, ali məktəblərin rektorları, nazirliyin əməkdaşları, QHT-lərin təmsilçiləri və KİV-lərin nümayəndələri iştirak ediblər.
Tədbirdə nazirliyin təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev təhsilin keyfiyyətinin yüksəldilməsi və əhatəliliyi ilə bağlı təqdimatla çıxış edib. Buraxılış imtahanlarının nəticələrinin ildən-ilə yaxşılaşdığını diqqətə çatdıran E.Əmrullayev bildirib ki, 2012-ci illə müqayisədə bütün fənlərdən müsbət qiymət alanların göstəricisi 17 faiz artıb. Son üç ildə IX sinif üzrə buraxılış imtahanlarında bütün fənlərdən müsbət qiymət alanların sayı 14.615 (30 faiz) nəfər artıb. Ölkə üzrə əksər rayonlarda, o cümlədən nazirliyin pilot qaydada inkişaf tədbirləri keçirdiyi rayonlarda yüksək dinamika müşahidə edilib. Pilot rayonlarda orta hesabla 13 faiz, digər rayonlarda isə 1,6 faiz irəliləyiş olduğunu söyləyən şöbə müdiri ən yüksək dinamikanın Astara (22 faiz), Ağcabədi (16 faiz), Sabirabad (14 faiz), Masallı (11 faiz) və Cəlilabad (9 faiz) rayonlarında müşahidə edildiyini bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb, aparılan islahatların artıq müsbət nəticələr verdiyini deyib. Bildirilib ki, möhkəm bünövrə əsasında qoyulan bu ənənə müsbət dəyişikliklərin ardıcıl olacağına əminlik yaradır.
Tədbirin əhəmiyyətindən danışan təhsil naziri Mikayıl Cabbarov diqqətə çatdırıb ki, bu tədris ilindən başlayaraq hər ilin sonunda nazirlik tərəfindən illik hesabatın təqdim olunması nəzərdə tutulub. Əsas məqsəd son illər “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın hazırlanması çərçivəsində təhsil sistemində hesabat mexanizminin inkişafı siyasətini həyata keçirməkdir. Tədbirdə təhsil sistemində ölçülə bilən meyarların tətbiqinin hər kəs üçün müəyyənləşdirilməsi, dövlət tərəfindən müvafiq istiqamətdə ayrılmış resursların istifadəsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.
Bildirilib ki, son üç ildə ümumi təhsil pilləsində istər buraxılış, istərsə də ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrində davamlı müsbət dəyişikliklər müşahidə olunmaqdadır. Builki buraxılış imtahanlarının müsbət dinamikasını qeyd edən M.Cabbarov bunun davamlı xarakter alacağına əminliyini bildirib. O, təhsilin inkişafının ölkəmizin tərəqqisi baxımından vacib amil olduğunu deyib, bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyinə inamını ifadə edib. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunan hədəflərdən danışan M.Cabbarov təhsil işçilərini, bütövlükdə ictimaiyyəti bu istiqamətdə birgə səy göstərməyə çağırıb.
Sonda tədbir iştirakçılarına tədris ilinin yekunlarına həsr olunan hesabat jurnalı təqdim edilib.