MƏDƏNİYYƏT
Mequro Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının yubiley festivalında Azərbaycan yüksək səviyyədə təmsil olunub VİDEO
Tokio, 9 fevral, AZƏRTAC
Tokionun mərkəzində yerləşən Mequro Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının (MİFA) eyniadlı rayonun ərazisində yaşayan müxtəlif xalqların nümayəndələrinin iştirakı ilə təşkil etdiyi festivalda Azərbaycan yüksək səviyyədə təmsil olunub.
Festivalın açılış mərasimində çıxış edən MİFA-nın baş direktoru xanım Reyko Kato və Mequro rayonunun meri Eici Aoki tədbir iştirakçılarını salamlayıblar.
Rayon ərazisində yerləşən diplomatik heyət adından çıxış edən Qırğız Respublikasının Yaponiyadakı səfiri Rısbek Moldoqaziyev bildirib ki, MİFA rayon ərazisində yaşayan müxtəlif xalqların nümayəndələri arasında mehriban əməkdaşlıq, səmimi qonşuluq münasibətlərinin qurulmasında, onların həm yapon, həm də bir-birinin mədəniyyətini, adət-ənənələrini, dilini öyrənməsində mühüm rol oynayır.
Festival müxtəlif xalqların mədəniyyət nümunələrini əks etdirən bədii proqramla davam edib. Sonra tədbir iştirakçıları rayon ərazisində yerləşən Azərbaycan, Qırğızıstan, Özbəkistan, Polşa, Nepal, Sudan, Cibuti və Keniya səfirlikləri tərəfindən hazırlanan sərgi ilə tanış olublar. Səfirliklərin təmsil etdikləri ölkələrin mədəni eksponatlarının, milli mətbəx nümunələrinin təqdim edildiyi stendlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Azərbaycan səfirliyinin hazırladığı stenddə milli adət-ənənələrimizi əks etdirən eksponatlar, ölkəmiz haqqında yapon dilində nəşr edilmiş müxtəlif çap məhsulları, “İRS-İsan” jurnalının nömrələri, Bakı mənzərələrinin əks olunduğu rəsm əsərləri, milli mətbəximizin nümunələri tədbir iştirakçılarına təqdim edilib. “İpək Yolu” rəqs qrupunun ifa etdiyi tərəkəmə rəqsi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Azərbaycan milli mətbəxinin ləziz nümunələri, şərablarımız, şəkərbura və paxlava tədbirdə iştirak edən yaponların, eləcə də digər xalqların nümayəndələrinin böyük marağına səbəb olub.
MİFA rəhbərliyi və tədbirə qatılmış qonaqlar Azərbaycan stendinin yüksək səviyyədə təşkil olunduğunu xüsusi qeyd ediblər. Azərbaycan mətbəxinin nümunələrini həvəslə dadanlar yeməklərimizin çox tamlı olduğunu vurğulayıblar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio