CƏMİYYƏT


Mərakeş qəzeti V Bakı Beynəlxalq Humanitar Forumu haqqında yazır

A+ A

Bakı, 22 noyabr, AZƏRTAC

Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində V Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı məqalə dərc olunub.

Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, “Əl-İslah və ət-Tənmiyə” qəzetinin baş redaktoru Əhməd Mitçunun müəllifi olduğu məqalədə qeyd edilir ki, Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə tanınmış dövlət xadimlərini, Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən vətəndaş cəmiyyətinin nümayəndələrini, elm xadimlərini və jurnalistləri bir araya toplayan mötəbər tədbirdir.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Forumun açılışında söylədiyi nitqdən sitatlar gətirilir. Dövlət başçısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verdiyi vurğulanır. Qəzet yazır: “Həqiqət odur ki, BMT, ATƏT və digər beynəlxalq təşkilatların qəbul etdikləri, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiqləyən qərar və qətnamələr Ermənistan-Azərbaycan münaqişəsinin həllinin qanuni və siyasi əsasını təşkil edir”.

Müəllif Prezident İlham Əliyevə istinad edərək dünyada əmin-amanlıq şəraitində birgəyaşayışın təmin edilməsi üçün siyasi, ictimai və iqtisadi sahələrdə əlaqələrin möhkəmləndirilməsinin, beynəlxalq hüquq normalarına hörmətlə yanaşılmasının və davamlı inkişaf naminə birgə səylərin artırılmasının önəmini vurğulayır.

Bundan əlavə, məqalədə Forumda çıxış edən ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycriyə istinadla uzun müddət həll edilməyən münaqişələrin cəmiyyət üçün daha təhlükəli olduğu qeyd edilir, millətlərarası yaxınlaşma siyasətinin fəallaşdırılmasının və ahəngdar münasibətlərin qurulmasının vacibliyi vurğulanır.

Məqalənin sonunda Forum çərçivəsində keçirilmiş “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” mövzusunda “dəyirmi masa”da aparılmış müzakirələr haqqında məlumatlar yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.