QAN YADDAŞI
Mərakeş qəzetində Xocalı faciəsindən bəhs edilib
Bakı, 27 fevral, AZƏRTAC
Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetinin 2017-ci il 24 fevral tarixli 713 sayında “Ermənilərin Xocalı şəhərində törətdiyi qətliamın iyirmi beşinci ildönümünün anımı” sərlövhəli məqalə dərc edilib.
Ölkəmizin Mərakeşdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Xocalı soyqırımını ən dəhşətli və amansız cinayətlərdən biri kimi qiymətləndirən müəllif 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın qədim Xocalı şəhərində dinc sakinlərə qarşı törətdiyi vəhşiliklərdən bəhs edib.
Müəllif Xocalıda azərbaycanlıların vəhşicəsinə qətlə yetirildiyini, qocaların, qadın və uşaqların misli görünməmiş işgəncələrə məruz qaldığını vurğulayıb, beynəlxalq birliyin artıq Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən mövqe nümayiş etdirdiyini bildirib.
Məqalədə, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə indiyədək əməl edilmədiyi, İslam Əməkdaşlıq Təşkilatı, AŞPA və digər mötəbər beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoyulmadığı diqqətə çatdırılır.
Yazıda bir sıra ölkələr, o cümlədən qardaş müsəlman ölkələri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi bildirilir və ermənilərin işğal etdikləri torpaqların qeyd-şərtsiz boşaldılması tələb olunur.