QAN YADDAŞI
Mərakeşdə 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş “dəyirmi masa” keçirilib
Bakı, 21 yanvar, AZƏRTAC
Rabat şəhərində Mərakeş-Azərbaycan Dostluq qrupunun üzvlərinin, qeyri-hökumət təşkilatının nümayəndələrinin, yerli ictimai-siyasi xadimlərin, V Məhəmməd Universitetinin müəllim heyətinin iştirakı ilə 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş “dəyirmi masa” keçirilib.
Azərbaycanın Mərakeşdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, “dəyirmi masa”nın moderatoru olan II Həsən Universitetinin professoru Kərimə Yatribi tədbir iştirakçılarını 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqının başına gətirilən müsibətlər, sovet qoşunlarının Bakıya yeridilməsi zamanı dinc əhaliyə qarşı törədilən qətliam və bu qanlı faciənin tarixi ilə bağlı məlumatlandırıb.
Səfirlik tərəfindən edilən məruzədə iştirakçıların diqqətinə çatdırılıb ki, 20 Yanvar hadisəsi Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bildirilib ki, 27 il əvvəl sovet ordusunun hücumu nəticəsində qocalar, uşaqlar və qadınlar da daxil olmaqla, 147 nəfər şəhid olub, 700-dən artıq insan yaralanıb.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib, 20 Yanvar günü Ümumxalq Hüzn Günü elan edilib.
Tədbirdə çıxış edən Mərakeş-Azərbaycan Dostluq qrupunun baş katibi Məhəmməd Faqiri Qanlı Yanvar hadisələri zamanı təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun və erməni quldurlarının əliyalın və dinc insanlara qarşı törətdiyi amansız vəhşiliklərin Mərakeş ictimaiyyəti tərəfindən pislənildiyini vurğulayıb, dünya ictimaiyyətini bu hadisələrə hüquqi-siyasi qiymət verməyə çağırıb.
Keçmiş SSRİ-nin ali məktəblərinin mərakeşli məzunları ictimai birliyinin üzvü Fatimə Əl-Abdi öz çıxışında faciədən 27 il keçməsinə baxmayaraq, Azərbaycan xalqının bu günü hər il dərin hüznlə andığını qeyd edərək bu hadisələrin xalqın mübarizə əzmini qıra bilmədiyini qeyd edib.
V Məhəmməd Universitetinin professoru Hanan Larbi Mərakeş ictimaiyyətinin qardaş Azərbaycanla həmrəy olduğunu bildirib, azərbaycanlılara qarşı törədilmiş qətliama beynəlxalq səviyyədə hüquqi qiymətin verilməsinin vacibliyini vurğulayıb.
Tədbirin sonunda iştirakçılar 20 Yanvar faciəsinə həsr olunmuş foto və kitab sərgisi ilə tanış olublar.