SİYASƏT
Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzeti Heydər Əliyevin misilsiz xidmətlərindən yazır
Bakı, 12 dekabr, AZƏRTAC
Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində “Prezident Heydər Əliyev... Azərbaycan tarixində canlı xatirə” sərlövhəli məqalə dərc olunub.
Azərbaycanın Mərakeşdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Azərbaycanın yeni tarixinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanır. Bildirilir ki, müasir Azərbaycanın banisi və qurucusu Heydər Əliyev müstəqilliyin bərpa edilməsində, yeni dövlətin yaradılmasında mühüm rol oynayıb və bütün həyatını xalqının, Vətəninin inkişafına həsr edib.
Müəllif yazır ki, bu gün də Azərbaycanın hər bir vətəndaşının qəlbində yaşayan və ölkənin müasir tarixində canlı xatirə kimi qalan Heydər Əliyev dövləti parçalanmaqdan qurtarıb, vətəndaş birliyinə, davamlı sabitliyə və iqtisadi tərəqqiyə nail olub.
Məqalədə Ümummilli Liderin həyatının ayrı-ayrı dövrləri mərakeşli oxucuların diqqətinə çatdırılır. Müəllif Heydər Əliyevin keçdiyi mənalı ömür yolundan, tutduğu yüksək vəzifələrdən bəhs edir.
Yazıda Heydər Əliyevin Azərbaycanın İslam dünyası və ərəb ölkələri ilə ikitərəfli əlaqələrinin inkişafına xüsusi önəm verildiyi diqqətə çatdırılır. 1994-cü ilin dekabr ayında Kasablankada keçirilmiş İslam Konfransı Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının VII konfransında iştirakı çərçivəsində Heydər Əliyevin mərhum Kral II Həsən və bir sıra ərəb liderləri ilə keçirdiyi ikitərəfli görüşlərlə Azərbaycan-Mərakeş, Azərbaycan-ərəb dünyası əlaqələrinin bünövrəsinin qoyulduğu vurğulanır.
Yazıda qeyd olunur ki, Heydər Əliyev irsinə və xarici siyasət kursuna sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün də dinamik inkişaf edən, demokratik və iqtisadi islahatlar həyata keçirən ölkədir, xarici əlaqələr müstəvisində etibarlı və güclü tərəfdaşdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan müəllif İslam Əməkdaşlıq Təşkilatının münaqişə ilə bağlı müvafiq qətnamələr qəbul etdiyini bildirir, bu qətnamələrdə təşkilatın Ermənistanın Azərbaycana qarşı təcavüzünü pislədiyi, Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərini dərhal və qeyd-şərtsiz boşaltmasını tələb etdiyini diqqətə çatdırır.
Sonda müəllif müasir Azərbaycanın banisi və qurucusu Heydər Əliyevin gördüyü böyük işlərlə öz xalqının xatirəsində daim yaşayacağını vurğulayır.