İDMAN
“Mercedes”in pilotu Niko Rosberq cari mövsümdə səkkizinci qələbəsini qazanıb
Bakı, 19 sentyabr, AZƏRTAC
Formula-1 üzrə dünya çempionatının sentyabrın 16-18-də keçirilən 15-ci yarışında – Sinqapur Qran-prisində qalib gələn “Mercedes”in pilotu Niko Rosberq cari mövsümdə səkkizinci qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, on beşinci yarışda pilotlar “Marina-Bey”də uzunluğu 5065 metr olan trekdə mübarizə aparıblar.
Niko Rosberq yarışı 1 saat 55 dəqiqə 48,950 saniyəlik nəticə ilə 25 xal toplayaraq başa vurub. Liderdən 0,488 saniyə geridə qalan Daniel Rikkardo (Red Bull Racing) yarışı 18 xalla ikinci pillədə yekunlaşdırıb. İlk üçlüyü liderdən 8,038 saniyə sonra finişə çatan Luis Hamilton (Mercedes, 15 xal) tamamlayıb.
On beşinci Qran-pridən sonra “Mercedes”in pilotu Niko Rosberq 273 xalla liderliyi ələ keçirib. Cari mövsümdə N.Rosberqin komanda yoldaşı L.Hamilton ilə xal fərqi 8-ə çatıb. L.Hamiltonun hesabında 265 xal var və britaniyalı pilot ikinci pillədə qərarlaşıb. O, indiyədək keçirilən Avstraliya, Bəhreyn, Çin, Rusiya, Azərbaycan, Belçika və İtaliya mərhələlərində qalib gəlib.
Aktivində 179 xal olan Daniel Rikkardo (Red Bul Racing) üçüncü, Sebastian Vettel (Ferrari) 153 xalla dördüncü və 148 xala sahib olan Kimi Raikkonen (Ferrari) isə beşincidir.
Çempionatın növbəti – on altıncı yarışı sentyabrın 30-dan oktyabrın 2-dək Malayziyada keçiriləcək.
Yarışın səkkizinci mərhələsi – Avropa Qran-prisi iyunun 17-19-da Bakıda keçirilmişdi. Mərhələnin qalibi “Mercedes”in pilotu Niko Rosberq olmuşdu.