İDMAN


“Mercedes”in pilotu Niko Rosberq dünya çempionu olub

A+ A

Bakı, 28 noyabr, AZƏRTAC

Noyabrın 27-də “Formula-1” üzrə dünya çempionatının 2016-cı il mövsümünə Əbu-Dabi Qran-prisi ilə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, mötəbər turnirin Əbu-Dabidəki “Yas-Marina” avtodromunda keçirilən mərhələsində hər biri iki pilotla təmsil olunan 12 komanda mübarizə aparıb. Döngələrin sayı 21 olan trasda komandalar 55 dövrə vurublar.

Uzunluğu 5554 metr olan trasda keçirilən final mərhələsində “Mercedes”in pilotları Luis Hamilton və Niko Rosberq ilk iki pillədə qərarlaşıblar. “Ferrari”nin sürücüsü Sebastian Fettel isə üçüncü olub.

Yekun sıralamada hesabında 385 xal olan Niko Rosberq ən yaxın izləyicisi olan komanda yoldaşı Luis Hamiltonu 5 xal qabaqlayaraq dünya çempionu olub. Luis Hamilton mundialı ikinci, “Red Bul Racing”in pilotu Daniel Rikkardo isə üçüncü pillədə başa vurub.

Artıq Yaponiya Qran-prisində “Mercedes” konstruktorlar kubokunu təmin edib.

“Formula-1” yarışları il ərzində müxtəlif ölkələrdə keçirilən mərhələlərdən ibarət olur. Hər mərhələyə Qran-pri adı verilir. İlin sonunda bütün Qran-prilərdən toplanan xalların əsasında pilotlar və komandalar arasında qalib müəyyən edilir və mükafatlandırılır.

Yarışın səkkizinci mərhələsi – Avropa Qran-prisi iyunun 17-dən 19-dək Bakıda keçirilmişdi. Mərhələnin qalibi “Mercedes”in pilotu Niko Rosberq olmuşdu.

1950-ci ildə keçirilən ilk yarışda “Alfa Romeo” komandası və onun italiyalı pilotu Cüzeppe Farina qələbə qazanıb. Sonuncu mövsümdə (2015-ci il) çempion “Mercedes” komandası ilə britaniyalı pilot Luis Hamilton olub. Ən çox çempion adını “Ferrari” komandasının əfsanəvi alman pilotu Mixael Şumaxer qazanıb. O, 7 dəfə bu titulun sahibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.