REGİONLAR
ABŞ-ın “Meri Mak Brayd” musiqi qrupu Naxçıvanda konsert proqramı ilə çıxış edib
AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan çıxış edərək bu tədbirin keçirilməsinə göstərilən dəstəyə görə Naxçıvan Muxtar Respublikasının rəhbərinə öz minnətdarlığını bildirib.
D.Hoqan qeyd edib ki, qrupun Azərbaycana səfəri ABŞ Dövlət Departamentinin “Mədəniyyət elçiləri” proqramı çərçivəsində həyata keçirilir.
Bildirilib ki, konsert proqramı ABŞ səfirliyi tərəfindən Naxçıvanda keçirilən ilk mədəni tədbirdir, bu proqram səfirliyin amerikalılar və azərbaycanlılar arasında mədəniyyətlərarası anlaşmanı və dostluğu təşviq etmək məqsədi daşıyır.
Azərbaycanda ikinci dəfə olan “Meri Mak Brayd” musiqi qrupu naxçıvanlı musiqisevərlər qarşısında ən çox sevilən mahnılarını səsləndirib.
Təqdim olunan konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.