DÜNYA
Merkel: “Brexit”dən sonra Böyük Britaniyanın əvvəlki hüquqları qalmayacaq
Berlin, 27 aprel, AZƏRTAC
AFR kansleri Angela Merkel bu gün hökumət adından bəyanatla çıxış edib. Kansler xəbərdarlıq edib ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması barədə danışıqların başlanması ilə əlaqədar britaniyalıların ümidləri əsassız ola bilər. “Bəlkə də onlar düşünürlər ki, bu belə də olmalıdır. Lakin mən vurğulamağa məcburam ki, bu, hədər yerə vaxt itirməkdir. Mən hiss edirəm ki, Böyük Britaniyada bəzi adamlar hələ də bu barədə illüziyalarla yaşayır”, - deyən Merkel qeyd edib ki, “Brexit”dən sonra Böyük Britaniya Aİ-yə daxil olmayan dövlətə çevriləcək, buna görə də onun hazırda malik olduğu hüquqları qalmayacaq.
Kansler onu da vurğulayıb ki, Londonun istəyinə rəğmən, Böyük Britaniyanın Aİ qarşısında milyardlarla ölçülən maliyyə öhdəlikləri məsələsini danışıqların lap sonunda deyil, başlanğıc mərhələdə tənzimləmək lazımdır.
AFR hökumətinin başçısı deyib ki, tamdəyərli danışıqlar yalnız Böyük Britaniyada iyunun əvvəlində keçirilməsi planlaşdırılan parlament seçkilərindən sonra başlana bilər. Həmin danışıqların gedişində üç əsas məsələ həll edilməlidir. Birincisi, Böyük Britaniyada yaşayan Almaniya vətəndaşlarının və Aİ üzvü olan digər ölkələrin vətəndaşlarının hüquqlarına təminat verilməsinə nail olmaq lazımdır. İkincisi, “Brexit” Avropa İttifaqına ziyan vurmamalıdır. Üçüncüsü, Aİ üzvü olan digər 27 ölkə arasında əməkdaşlıq möhkəmləndirilməlidir.
“Biz bu məsələnin genişmiqyaslı və mürəkkəb olduğunu başa düşürük. Biz buna yaxşı hazırlaşmışıq, lakin hələ görüləsi işlər çoxdur”, - deyən Merkel daha sonra qeyd dib ki, Birləşmiş Krallığın güclü və çiçəklənən dövlət olması Avropa İttifaqının da maraqlarına uyğundur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin