DÜNYA
Merkel sözünü geri götürür
Berlin, 13 mart, AZƏRTAC
AFR kansleri Angela Merkelin fikrincə, Almaniya tərəfi türkiyəli siyasətçilərin iştirak etməli olduğu çıxışların ləğv edilməsi nəticəsində Ankara ilə Berlin arasında yaranmış münaqişəyə son qoymalıdır. Merkel bildirib ki, bir tərəfdən Türkiyəni söz azadlığını boğmaqda ittiham etməklə bərabər, digər tərəfdən ona eyni şəkildə cavab vermək ağlabatmaz hərəkətdir. Bəzi müşahidəçilər Merkelin bu sözlərini belə qiymətləndirirlər ki, Berlin həqiqətən “ağ elədiyini” başa düşüb.
Bundan əvvəl Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Almaniyanın hakimiyyət orqanlarını haqlı olaraq tənqid edib ki, onlar türkiyəli siyasətçilərin çıxışlarına sistematik olaraq əngəl törədirlər. Çavuşoğlu keçən həftə Türkiyənin Hamburqdakı baş konsulunun iqamətgahında çıxışında deyib: “Almaniyanın türk əhalisinə təzyiq göstərilməsi yolverilməzdir. Dostlarla belə rəftar etməzlər”.
Türkiyəli siyasətçilərin Almaniyada təşviqat xarakteri daşıyan bəzi tədbirləri “təhlükəsizlik mülahizələrinə əsasən” ləğv edilib. Hərçənd, ultrasağçı qüvvələrin nümayiş keçirdiyi günlərdə heç də həmişə alman polisi tərəfindən təhlükəsizliyin qayğısına qalmaq üçün bu cür canfəşanlıq edilməsi müşahidə olunmur. Almaniya hakimiyyət orqanlarının riyakarlığı və ikili standartlar tətbiq edilməsi göz qabağındadır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin