DÜNYA
Merkelin ABŞ-a səfərinin gündəliyi müzakirə edilir
Berlin, 16 mart, AZƏRTAC
AFR-in federal kansleri Angela Merkelin ABŞ-a səfəri ərəfəsində Almaniya KİV-ləri həmin səfərin gündəliyini müzakirə edir. Almaniya hökumətinin başçısı bu axşam Vaşinqtona uçur, sabah isə onun ABŞ-ın yeni prezidenti ilə ilk görüşü olacaq. Ağ evdə aparılacaq danışıqların Berlin üçün əsas mövzuları NATO çərçivəsində müttəfiqlik öhdəlikləri və ABŞ ilə Avropa İttifaqı arasında ticari münasibətlər məsələləridir.
Tramp prezident vəzifəsində işə başlayandan sonra Merkel bildirib: “Yaxın illərdə Transatlantik tərəfdaşlıq çərçivəsində münasibətlərin əhəmiyyəti əvvəlkindən az olmayacaq. Mən bu məsələ üzərində işləyəcəyəm”.
Tramp NATO-nu “köhnəlmiş təşkilat” adlandırandan sonra Berlin bu tərəfdaşlığın etibarlı olacağına şübhə ilə yanaşır, çünki çoxları belə hesab edir ki, Şimali Atlantika müqaviləsində nəzərdə tutulan Amerika nüvə zəmanətləri olmasa Almaniya tamamilə müdafiəsiz vəziyyətdə qalacaq.
Merkel Trampa izah etməyə çalışa bilər ki, əgər ABŞ onun Avropa üçün nüvə zəmanətlərinə şübhə etməyə əsas verərsə, onda, məsələn, Avropa İttifaqının öz strateji arsenalını yaratmalı olması barədə çox ciddi diskussiyalar başlanacaq.
“Alman dalğası” yazır ki, Böyük Britaniya Aİ-dən çıxandan sonra bu cür silahlar yalnız Fransanın əlində qalacaq. Yeri gəlmişkən, Parisdə artıq belə söhbətlər gedir ki, Almaniya Fransanın “nüvə çətiri” altına götürüləcək, bu isə əlbəttə, təmənnasız olmayacaq. Bu variant Berlini qane etmir. Ona görə də Amerika zəmanətlərini saxlamaq naminə Berlində NATO-nun ümumi büdcəsinə Almaniyanın maliyyə töhfəsinin artırılması barədə Vaşinqtonun tələbləri ilə razılaşmağa hazırdırlar.
İkitərəfli münasibətlərin Berlin üçün həyatı əhəmiyyətli ikinci mövzusu ticarət, Almaniya firmalarının xarici bazarlara, ilk növbədə Amerika bazarına çıxmaq imkanı məsələsidir. Almaniya iqtisadiyyatı ixracyönümlüdür. Ölkənin firavanlığı (büdcəsi) və sakinlərin rifahı (iş yerləri) birbaşa ixracdan asılıdır. Amerika isə AFR-in xarici ticarətdə əsas tərəfdaşıdır. Amerika iqtisadiyyatına Almaniyanın töhfəsi kanslerin əsas arqumentlərindən biri ola bilər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin