REGİONLAR
Mərkəzi Aran qış otlaqlarında 140 min baş heyvan su ilə təmin edilir
İmişli, 17 yanvar, Mahir Babayev, AZƏRTAC
Mərkəzi Muğan Qışlaqlarının Su Təminatı Sistemləri İstismar idarəsi tərəfindən otlaqlarda heyvanların suvarılması üçün hər il olduğu kimi cari ildə də lazımi işlər görülüb. Otlaqların daimi su ilə təminatı üçün ərazidə 443 kilometr su şəbəkəsi mövcuddur. Sistem üzərində 527 hidroqurğu fəaliyyət göstərir. Suvarma sistemi ərazidə yerləşən 5 min kubmetrlik anbardan yararlanır. Bu anbarı su ilə təmin etmək üçün 3 artezian və 3 subartezian quyusundan istifadə olunur. Qurğuların fasiləsiz və keyfiyyətli işləməsi üçün idarə tərəfindən bütün lazımi tədbirlər görülür.
İdarənin baş mühəndisi Eminağa Ağaşov AZƏRTAC-a bildirib ki, müəssisə otlaqlarda bəslənilən 140 min baş heyvanı su ilə təmin edir. Hidroqurğular hesabına qış otlaqlarına mütəmadi olaraq suyun öz axını ilə verilməsi həyata keçirilir. Bu da, öz növbəsində, ərazidə heyvandarlıqla məşğul olan sakinlərin işlərini asanlaşdırır.
Qeyd edək ki, 1971-ci ildən fəaliyyət göstərən idarənin balansında 120 min hektar otlaq sahə var, bunun da 65 min hektarında qışlayan heyvanlar su ilə təmin edilir.