İQTİSADİYYAT
Mərkəzi Asiya İqtisadi Əməkdaşlıq Proqramı Azərbaycanın İKT şirkətləri ilə əlaqələr qurur
Bakı, 1 iyul, AZƏRTAC
Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya İqtisadi Əməkdaşlıq Proqramı ilə Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları şirkətləri arasında əlaqələrin qurulmasına dair razılığa gəlinib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) AZƏRTAC-a bildiriblər ki, bu razılıq ASK-nın vitse-prezidenti Vüqar Zeynalovun AİB-in Mərkəzi Asiya İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının ekspertləri ilə görüşündə əldə olunub.
Görüşdə Vüqar Zeynalov ASK-nın nəzdində fəaliyyət göstərən komissiyaların fəaliyyətindən və görülmüş işlərdən danışıb. Bildirib ki, ASK-nın nəzdində fəaliyyət göstərən 16 komissiyadan biri "Rabitə, İnformasiya və Kommunikasiya Texnologiyaları Komissiyası"dır ki, onun da fəaliyyəti çoxşaxəlidir. Komissiyanın tərkibində ölkəmizdə bu sahədə fəaliyyət göstərən nüfuzlu şirkətlər təmsil olunur. Bu şirkətlərin əsas məqsədi respublikamızda informasiya-kommunikasiya texnologiyaları sahəsində mövcud vəziyyəti təhlil edərək beynəlxalq aləmdə yeni layihələrə imza atmaqdır.
Ekspertlər bu komissiyanın gələcək əməkdaşlıq üçün yeni imkanlar yaradacağına ümid etdiklərini deyiblər.
Layihənin əlaqələndiricisi Konstantin Naumov bildirib ki, CAREC Proqramı çərçivəsində reallaşdırılan "CAREC Proqramına üzv ölkələrdə regional tranzit ticarətin asanlaşdırılması" layihəsi pilot olaraq 3 ölkədə - Qırğızıstan, Qazaxıstan və Çində həyata keçiriləcək. Layihənin tətbiqinə 2017-ci ildən başlanılacaq.
Görüşdə müvafiq informasiya-kommunikasiya texnologiyaları şirkətləri ilə əlaqələrin qurulması ilə bağlı razılıq əldə olunub.
Qeyd edək ki, ekspertlərin ölkəmizə səfərinin əsas məqsədi Azərbaycanda müvafiq təşkilatlarla görüşlər keçirmək, layihə haqqında məlumat vermək və əməkdaşlıq üçün yeni tərəfdaşlar tapmaqdır.