İQTİSADİYYAT
Mərkəzi Bank Azərbaycan manatı barədə videoçarxlar hazırlayıb
Bakı, 14 fevral, AZƏRTAC
Mərkəzi Bankın həyata keçirdiyi maliyyə savadlılığı işləri çərçivəsində milli valyutamızın kağız pul nişanlarını əhaliyə daha yaxından tanıtmaq və onları milli atributumuz barədə maarifləndirmək məqsədilə manatın vahid konsepsiyası və ayrılıqda hər bir nominal haqqında xüsusi videoçarxlar hazırlanıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, videoçarxlarda hər nominalın fiziki göstəriciləri, dizayn və mövzusu ilə yanaşı, onların üzərindəki təhlükəsizlik və mühafizə elementləri də əks olunur.
Ətraflı məlumatı http://bizimpullar.az/blocks/index?category=money ünvanından əldə etmək olar.
Qeyd edək ki, Mərkəzi Bank tərəfindən ölkədə maliyyə savadlılığının artırılması məqsədilə hazırlanan maliyyə savadlılığı portalı (http://bizimpullar.az/) əhalinin müasir maliyyə alətlərindən istifadə üzrə biliklərinin artırılmasına, nəticədə onlarda rasional maliyyə davranışlarının inkişaf etdirilməsinə və yığım mədəniyyətinin formalaşdırılmasına xidmət edir.
Portalda iqtisadiyyat və maliyyə sahəsindən maarifləndirici xarakterli materiallar, bank xidmətləri və mərkəzi bankçılığa dair izahedici animasiyalar, iqtisadi məzmunlu oyunlar, virtual muzey və məktəblilər üçün rubrikalar yer alıb.