İQTİSADİYYAT


Mərkəzi Bank "Blumberq" platformasından istifadəni genişləndirir

Bakı, 6 iyul, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı valyuta və depozit hərraclarını "Blumberq" hərrac platforması vasitəsilə həyata keçirir.

Mərkəzi Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, özünün çevik hərrac üsulları ilə valyuta və depozit hərraclarının təşkil edilməsi sahəsində qabaqcıl texnologiyalarını təqdim edən "Blumberq" hərrac platforması hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həmin pul siyasəti əməliyyatları üzrə vahid platforma rolunu oynayır.

Maliyyə nazirliklərinə və mərkəzi banklara maliyyə bazarlarında əməliyyatların həyata keçirilməsi şəraitini yaradan bu platformanın texniki imkanları son zamanlar daha da genişləndirilib. Belə ki, "Blumberq" hərrac platforması əvvəllər yalnız qiymətli kağızlarla alqı-satqı və repo əməliyyatların aparılmasını dəstəkləyirdisə, Azərbaycan Respublikasının Mərkəzi Bankının təşəbbüsü ilə platformaya valyuta ("spot" və "forvard") və depozit hərraclarının təşkil edilməsi imkanı da əlavə edilərək təkmilləşdirilib.

Qeyd edək ki, "Blumberq"in çoxtərəfli (multi-asset) hərrac platforması bazar iştirakçılarına Mərkəzi Bankın hərraclarını izləmək və hərraclarda iştirak etmək imkanını yaradır. Bu, bazar iştirakçıları üçün depozit, valyuta, repo və notların yerləşdirilməsi üzrə hərracların təşkil edilməsinə imkan verən geniş funksionallıqlar dəstinin tərkib hissəsidir. Hərrac məlumatları avtomatik şəkildə "Blumberq"in FX Elektron Treydinq Platformasına (FXGO) ötürülür. "Blumberq Peşəkar Xidmətləri" (Bloomberg Professional Services) abunəçiləri üçün əlçatan olan bu sistem "Blumberq"in statistik məlumat, xəbərlər, analitika və kommunikasiya funksionallıqlarına tam inteqrasiya olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.