İQTİSADİYYAT


Mərkəzi Bank: gələn il milli iqtisadiyyatda artımın tədricən bərpa olunacağı gözlənilir

Bakı, 31 dekabr, AZƏRTAC

2017-ci ildə milli iqtisadiyyatda, xüsusən də qeyri-neft sektorunda iqtisadi artımın dinamikası daxili tələbin səviyyəsindən, iqtisadi artımın yeni drayverlər üzərinə keçirilməsi sürətindən, nəzərdə tutulan struktur islahatlar paketinin həyata keçirilməsinin effektivliyindən və makroiqtisadi sabitləşməyə yönəlmiş tədbirlərin səmərəsindən asılı olacaq. Hökumətin proqnozlarına görə, 2017-ci ildə milli iqtisadiyyatda artımın tədricən bərpa olunacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqqında bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, 2017-ci ildə cari əməliyyatlar hesabının vəziyyəti neftin qiymətindən, çevik məzənnə rejiminin və makroiqtisadi siyasətin təsirlərindən, idxalın azalması miqyasından, habelə qeyri-neft sektoru üzrə ixrac potensialının reallaşmasından asılı olaraq dəyişəcək. Əlverişli məzənnə ilə yanaşı, son vaxtlar hökumətin yerli istehsalın qorunması və ixracın stimullaşdırılması istiqamətində qəbul etdiyi qərarların cari əməliyyatlar hesabına müsbət təsir göstərəcəyi gözlənilir. Lakin, neftin dünya qiymətinin əhəmiyyətli yüksəlməyəcəyi təqdirdə cari hesabda kapitalın və maliyyənin hərəkəti hesabının kəsirini örtə biləcək qədər profisitin yaranması ehtimalı hələ ki, aşağıdır.

Tədiyyə balansının kapitalın və maliyyənin hərəkəti üzrə balansa isə dövlət sektorunun xarici borc ödənişləri ilə bağlı irihəcmli valyuta öhdəlikləri və strateji enerji layihələrinin maliyyələşdirilməsi təsir edəcək. Qeyd olunan amillərin təsiri altında tədiyyə balansında gözlənilən irihəcmli kəsirin idarə edilməsi makroiqtisadi sabitliyə təsir edəcək. Bu məsələnin əhəmiyyətini nəzərə alaraq, Maliyyə Sabitliyi Şurası tərəfindən tədiyyə balansında kəsirin azaldılmasına və maliyyələşdirilməsinə yönəlmiş kompleks tədbirlər nəzərdə tutulur.

Taktiki tədbirlər əsasən kapitalın və maliyyənin hərəkəti hesabının tənzimlənməsi (xarici valyutada bir sıra öhdəliklərin məqsədyönlü tənzimlənməsi) vasitəsilə valyuta bazarında gərginlik yaradan amillərin neytrallaşdırılmasını nəzərdə tutur. Bu tədbirlər manatın məzənnəsinə olan təzyiqləri əhəmiyyətli neytrallaşdırmaqla makroiqtisadi risklərin (inflyasiya, maliyyə sabitliyi və s.) minimallaşdırılmasına yönəlib.

Qeyd edək ki, valyuta rejimi ilə bağlı artıq qüvvəyə minmiş yeni qaydaların (qabaqcadan ödənişlər müqabilində malların ölkəyə gətirilməsi və xidmətlərin göstərilməsinə 180 günlük müddət tələbinin qoyulması, fiziki şəxslərin pul köçürmələrinə limitlərin tətbiqi və s.) tətbiqi də tədiyyə balansının tarazlaşmasına əlavə dəstək olacaq.

Strateji tədbirlər milli iqtisadiyyatda “rebalanslaşma” vasitəsilə (fiskal konsolidasiya, sərt pul siyasətinin davam etdirilməsi, pul təklifi kanallarının effektiv idarə edilməsi, ixracyönümlü istehsalın stimullaşdırılmasına yönəlmiş struktur islahatları və s.) tədiyyə balansının fundamental tarazlaşmasına yönəlib.

Eyni zamanda, sosial müdafiənin gücləndirilməsi istiqamətində də müvafiq tədbirlər (ünvanlı sosial dəstəyin həcminin artırılması və əhatəsinin genişləndirilməsi, məşğulluğun dəstəklənməsi) nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.