İQTİSADİYYAT
Mərkəzi Bank ilə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının birgə əməkdaşlıq imkanları müzakirə edilib
Bakı, 9 oktyabr, AZƏRTAC
Mərkəzi Bank ilə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı arasında birgə əməkdaşlıq imkanları və Azərbaycanda nağdsız ödənişlərin inkişafı üzrə strateji istiqamətlərə dair məsələlər müzakirə edilib.
Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, bankın sədri Elman Rüstəmov “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının Avropa ölkələri üzrə prezidenti Xavier Perezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
E.Rüstəmov “MasterCard”ın Mərkəzi Bank ilə əməkdaşlığı çərçivəsində Azərbaycanda bir sıra əhəmiyyətli layihələrin uğurla həyata keçirildiyini bildirib. O, Mərkəzi Bank tərəfindən ölkədə nağdsız hesablaşmaların inkişafı və əhatə dairəsinin genişləndirilməsi məqsədilə mütəmadi əsasda tədbirlər həyata keçirilərək bu sahədə beynəlxalq tendensiyaların daim diqqət mərkəzində saxlanıldığını qeyd edib. Belə ki, cari ildə qeyd olunan istiqamətdə kompleks tədbirləri özündə əks etdirən Dövlət Proqramı layihəsi beynəlxalq təcrübə əsasında hazırlanaraq hökumətə təqdim olunub. Ölkədə innovativ ödəniş texnologiyalarının tətbiqinin və ödəniş xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, ödəniş xidmətləri bazarında rəqabət mühitinin gücləndirilməsi və ödəniş xidməti istifadəçilərinin müdafiəsinin artırılması məqsədilə “Ödəniş xidmətləri haqqında” Qanun layihəsi hazırlanıb.
Görüşdə Xavier Perez təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlıqdan məmnun olduğunu bildirərək bu əlaqələrin bu gün də çox uğurla davam etdirilməsində Mərkəzi Banka öz təşəkkürünü bildirib. O, nağdsız ödənişlərin inkişafının “MasterCard” təşkilatının bütün dünya ölkələri üzrə fəaliyyətinin ən mühüm prioritetlərindən biri olduğunu qeyd edərək bu sahədə “MasterCard” ilə Mərkəzi Bank arasında sıx əməkdaşlığın vacibliyini vurğulayıb. Eyni zamanda X.Perez “MasterCard” təşkilatının Azərbaycanın yüksək inkişaf templərini gələcəkdə də saxlayacağına inamlı olduğunu bildirərək, hazırda Azərbaycan bazarına marağın getdikcə artdığını qeyd edib. Bu məqsədlə o, Azərbaycan üzrə işçi heyətinin genişləndiyini, ölkəyə ayrılan maliyyə və digər resursların getdikcə artacağına əminliyini ifadə edib. Azərbaycanda nağdsız ödənişlərin inkişafına yaxından dəstək olacağını qeyd edən X.Perez Mərkəzi Bankla həm strateji çərçivələrin hazırlanması, həm də qabaqcıl texnologiyaların ölkəmizə gətirilməsi baxımından yaxından əməkdaşlıq edəcəyini bildirib.
Görüşdə həmçinin, Mərkəzi Bank ilə “MasterCard” arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri və ölkədə ödəniş kartları bazarının və kart infrastrukturunun inkişaf etdirilməsi kimi məsələlər də müzakirə olunub.