İQTİSADİYYAT
Mərkəzi Bank nağdsız ödənişlərin təşviqi və stimullaşdırılması sahəsində keçirilmiş müsabiqə üzrə qalib bankları mükafatlandırıb
Bakı, 20 aprel, AZƏRTAC
Mərkəzi Bank 2014-cü ilin yekunlarına görə “Nağdsız ödənişlər üzrə lider bank”, “Elektron bankçılıq xidmətlərində lider bank”, “Təsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə lider bank” və “Elektron ticarətin inkişafında lider bank” nominasiyaları üzrə müsabiqə keçirib və nominasiyalar üzrə qalibləri mükafatlandırıb.
Mərkəzi Bankdan AZƏRTAC-a bildiriblər ki, “Nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə: I yer “Bank of Baku” ASC; II yer “AFB Bank” ASC; III yer “Bank Respublika” ASC.
“Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyası üzrə: I yer “Bank Respublika” ASC; II yer “Bank of Baku” ASC; III yer “Bank Technique” ASC.
“Təsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə: I yer “Bank of Baku” ASC; II yer “Azərbaycan Beynəlxalq Bankı” ASC; III yer “Unibank” ASC.
“Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə: I yer “Azərbaycan Beynəlxalq Bankı” ASC; II yer “Unibank” ASC; III yer “Kapital Bank” ASC.
Eyni zamanda, müsabiqədə daha aktiv olan bankların fəaliyyətlərinin qiymətləndirilməsi məqsədi ilə nominasiyalar üzrə ilk onluğa daxil olan banklara - “YapıKredi Bank Azərbaycan” QSC; “Dəmirbank” ASC; “AGBank” ASC; “Ata Bank” ASC; “Access Bank” ASC; “Bank Standard” ASC; “Paşa Bank” ASC; “Naxçıvanbank” ASC; “Nikoyl Bank” ASC; “Bank Silk Vey” ASC-yə Mərkəzi Bank tərəfindən təşəkkür məktubu təqdim edilib.
Mərkəzi Bank 2015-ci ildə ölkədə innovativ ödəniş texnologiyalarının tətbiqinin genişləndirilməsi və yeni ödəniş həllərinin istifadəsinin kütləviləşdirilməsi məqsədi ilə “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” və “Təmassız ödəniş kartları üzrə lider bank” adlı əlavə iki yeni nominasiya elan edib.
Bank bundan sonra da ölkədə nağdsız ödənişlərin inkişafı və elektron ödəniş xidmətlərinin istifadəsinin kütləviləşdirilməsi istiqamətində bank sektoru ilə birgə aktiv fəaliyyətini davam etdirəcək.
Azərbaycan Respublikasının Mərkəzi Bankı 2013-cü ildən etibarən ölkədə nağdsız hesablaşmaların həcminin artırılması və müasir bank texnologiyalarından istifadənin genişləndirilməsi istiqamətində bankların fəaliyyətinin qiymətləndirilməsi və illik əsasda onlardan daha aktiv olanlarının seçilərək mükafatlandırılması məqsədi ilə müxtəlif müsabiqələr keçirir.