İQTİSADİYYAT
Mərkəzi Bank uşaqlar üçün yay məktəbi təşkil edib
Bakı, 26 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Mərkəzi Bankı maliyyə maarifləndirməsi istiqamətində 10-12 yaşlı uşaqlar üçün “Öyrən, qənaət et və qazan” adlı bir həftəlik yay məktəbi təşkil edib.
AZƏRTAC banka istinadla xəbər verir ki, yay məktəbinin əsas məqsədi uşaqları pulun tarixi, pul nişanları, büdcə anlayışı və şəxsi büdcənin hazırlanması, qənaət və israf, yığım və biznes planlarının qurulması mövzuları üzrə əyləncəli formada maarifləndirməkdir. Mövzuların uşaqlara lazımi səviyyədə aşılanması məqsədilə sessiyalar maarifləndirici oyunlar və əyani vəsaitlərdən istifadə edilməklə interaktiv şəkildə aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sessiyaların sonunda sual-cavab formatlı müsabiqə və yarışlar keçirilib.
Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin təşəbbüsü, Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu, Azərbaycan Banklar Assosiasiyası və Bakı Sığortanın dəstəyi ilə keçirilən yay məktəbində iştirakçılar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğundakı qədim pul ekspozisiyasına və “Azercell” şirkətinin “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinə də baş çəkiblər. Uşaqlar burada gənc sahibkarlarla görüşüb, onların innovasiya və sahibkarlıq barədə sualları cavablandırılıb.
Yay məktəbi iştirakçıları müxtəlif hədiyyələr və sertifikatlarla mükafatlandırılıblar.
Bankdan bildiriblər ki, ənənə halını almış maliyyə maarifləndirilməsi istiqamətli yay məktəbləri layihəsinin davamlı olması nəzərdə tutulur.