CƏMİYYƏT


Mərkəzi Bankda müəllimlərə təlim keçirilib

Bakı, 22 iyun, AZƏRTAC

Mərkəzi Bank ümumtəhsil məktəblərinin müəllimlərinə maliyyə savadlılığının kurikuluma inteqrasiya edilmiş elementlərinə dair peşəkar təlimlər həyata keçirib.

Mərkəzi Bankdan AZƏRTAC-a bildiriblər ki, bu ilin fevral-iyun ayları ərzində layihənin əsas tərəfdaşı olan Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu, Bakı şəhər Təhsil İdarəsi və Şuşa Rayon Təhsil Şöbəsi ilə birlikdə 7 qrup üzrə təlimlər təşkil edilib. İbtidai və ümumi orta təhsil səviyyələri üzrə Həyat Bilgisi fənnini tədris edən 145 nəfər müəllimə təlimlərdə Həyat Bilgisi və maliyyə savadlılığı, pul nişanları, istehlak büdcəsinin planlaşdırılması, mövcud resurslardan qənaətlə istifadə, qiymət, tələb və təklifin iqtisadiyyatda rolu, əmək və onun növlərinin iqtisadi proseslərdə rolu, istehsal infrastrukturları və digər mövzular keçilib. Təlimlər zamanı sığorta mövzusu yerli sığorta şirkətlərinin nümayəndələri tərəfindən tədris olunub. Eyni zamanda, mövzular üzrə interaktiv oyunlar və çalışmalar keçirilib və iştirakçılar tərəfindən kiçik biznes layihələr hazırlanıb.

Təlimlərin yekununda iştirakçıların sualları cavablandırılıb, qiymətləndirilmə aparılıb və nəticələrə müvafiq olaraq müəllimlər sertifikat əldə etmək hüququ qazanıblar. Sertifikatların verilmə mərasimində qiymətləndirmə sorğularının nəticələri təqdim edilib, tərəfdaş qurumların və iştirakçıların təlim haqqında rəyləri öyrənilib.

Maliyyə maarifləndirilməsi istiqamətində ümumtəhsil məktəblərinin müəllim və şagird heyəti əsas hədəf qruplardandır və onların maarifləndirilməsi üçün Mərkəzi Bank gələcəkdə də müxtəlif tədbirlər keçirməyi nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.