İQTİSADİYYAT
Mərkəzi Bankdan “Novruz xonçası” adlı maarifləndirici tədbir
Bakı, 16 mart, AZƏRTAC
Mərkəzi Bankın təşəbbüsü, Azərbaycan Banklar Assosiasiyasının, “Amrahbank” ASC, “Expressbank” ASC, “Atabank” ASC və “Bakı Sıgorta” ASC–nin iştirakı ilə “Park Bulvar” ticarət və əyləncə mərkəzində “Novruz xonçası” adlı maarifləndirici təbliğat xarakterlı tədbir keçirilib.
Mərkəzi Bankdan AZƏRTAC-a bildiriblər ki, tədbir ərzində maliyyə savadlılığının əhali arasında ictimai dəyər kimi tanınması təbliğ olunub, bank və sığorta məhsulları, eyni zamanda, ödəniş kartları və nağdsız ödənişlərin əhəmiyyəti barədə məlumatlar verilib. Əhalinin müxtəlif yaş təbəqələrini əhatə edən tədbirdə onların maliyyə savadlılığı, bank, sığorta məhsulları və digər mövzular üzrə sualları cavablandırılıb.
Gəncləri, xüsusilə “Maliyyə savadlılığı" köşkündə nümayiş etdirilən elektron resurslar və bank məhsulları və xidmətləri haqqında maarifləndirici animasiyalar maraqlandırıb.
İştirakçılara Mərkəzi Bankın, bank-maliyyə qurumlarının maarifləndirici və promo materialları, həmçinin bayram şirniyyatları paylanılıb.
Bu cür təbliğat xarakterli maarifləndirici tədbirlərin gələcəkdə müxtəlif məkanlarda keçirilməsi nəzərdə tutulur.