İQTİSADİYYAT
Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Bakı, 31 dekabr, AZƏRTAC
Yanvarın 5-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı sifarişlərin toplanması Bakı Fond Birjasının ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək həyata keçiriləcək. Hərraca çıxarılan notların həcmi 5 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 27 gündür. Notlar fevralın 1-də ödəniləcək.
Mərkəzi Bankın qısamüddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalarına əsasən, hərraclarda bank lisenziyasına malik hüquqi şəxslər iştirak edə bilərlər. Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən çox olmamalıdır. Banklar birjada BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə iştirak edə bilərlər.
Hərrac zamanı notların buraxılışının 20 faizdən çox olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.