ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxana Rusiyada yaşayan azərbaycanlılara ədəbiyyat göndərib
Bakı, 19 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən Rusiyanın Arxangelsk vilayətində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatına maarifləndirici ədəbiyyat göndərilib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, azərbaycanlıların Arxangelsk vilayətində diaspor təşkilatının formalaşma tarixi 1973-cü ildən başlayır. 2016-cı ildə daha aktiv fəaliyyətə keçən təşkilat mədəniyyətimizin Şimali Rusiyada təbliği, tanıdılması, Arxangelsk vilayətində Azərbaycanın haqq səsinin çatdırılması istiqamətində ardıcıl işlər görüb, bir çox ilklərə imza atıb. Təşkilat, həmçinin Arxangelsk şəhəri rəsmilərinin Azərbaycanın bir sıra dövlət qurumları ilə əməkdaşlığının yaradılmasında, Arxangelsk və Bakı şəhərləri arasında iqtisadi, mədəni, təhsil əlaqələrinin təşkilində vasitəçi missiyasını yerinə yetirib.