CƏMİYYƏT


Mərkəzi Elmi Kitabxanada Beynəlxalq Müəllimlər Günü qeyd olunub

A+ A

Bakı, 4 oktyabr, Günel Məlikova, AZƏRTAC 

Oktyabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Təhsil Problemləri İnstitutu (TPİ) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) birgə təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə TPİ, Azərbaycan Dövlət Pedaqoji Kolleci, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Qızlar Universitetinin müəllim və tələbələri iştirak ediblər.

Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov əlamətdar gün münasibətilə fondun kollektivi adından müəllimləri təbrik edib, uğurlar arzulayıb.

Milli Məclisin elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib. O, özünün müəllim ailəsində doğulduğunu və bununla fəxr etdiyini bildirib. Bu sənətin çətin və şərəfli olduğunu qeyd edən akademik müəllimin dünyagörüşünü, tələbə-müəllim münasibətini çox gözəl dərk etdiyini söyləyib.

Təhsillə elm arasında vəhdətin əhəmiyyətindən danışan İ.Həbibbəyli cəmiyyətin elm üzərində qurulduğunu vurğulayıb.

Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumun iştirakçısı, Litva Elmi-Tarixi Tədqiqat İnstitutunun direktoru, professor Algimantas Liekis Azərbaycan və Litva xalqlarının oxşar cəhətlərdən danışıb. Alim Azərbaycanda şahid olduğu multıkultural və tolerant həyat tərzinə valeh olduğunu qeyd edib. Bunun dünya üçün bir nümunə olduğunu bildirib. Bu cür həyat tərzinin gənclərə aşılanmasında, nəsildən-nəslə ötürülməsində müəllimlərin böyük əməyi qeyd edilib.

Digər çıxış edənlər də müəllimləri təbrik edib, bu şərəfli peşə sahiblərinə uğurlar arzulayıblar.

Sonra tələbə və şagirdlərin təbrikləri dinlənilib, bir qrup fəal müəllim mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.