ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxanada Dünya Mülki Müdafiə Gününə həsr olunan tədbir
Bakı, 3 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Dünya Mülki Müdafiə Gününə həsr olunan tədbir keçirilib.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu qurumun Mülki Müdafiə qərargahının rəisi Gülağa Cahangirov Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixindən danışıb. Bildirilib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il təşkilata üzv olan bütün ölkələrdə Dünya Mülki Müdafiə Günü qeyd edilir. Bu nüfuzlu beynəlxalq qurum tərkibinə daxil olan ölkələrdə baş verən fövqəladə hallarda əhaliyə yardım göstərir, həmin ölkələrdə mühafizə xidmətini inkişaf etdirir, möhkəmləndirir və əlaqələndirir. Azərbaycan bu təşkilatın üzvlüyünə qəbul edildiyi üçün hər il onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. Bu günün keçirilməsində məqsəd ictimaiyyətin diqqətini təşkilatın gördüyü əhəmiyyətli və vacib işlərə cəlb etmək, eləcə də fəlakətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün məsuliyyət daşıyan əməkdaşların çətin və fədakar əməyini lazımınca qiymətləndirməkdir.
G.Cahangirov onu da qeyd edib ki, kitabxanada mülki müdafiə işinin dayanıqlığının təşkili məqsədilə idarəetmə mərkəzinin yaradılması planlaşdırılır. Mərkəzin fəaliyyət istiqaməti işçilərin mülki müdafiəyə hazırlığının yüksəldilməsi, ehtimal olunan fövqəladə hadisələrin təsirindən qorunması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsi və bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsinə yönələcək.
Tədbirdə, həmçinin mülki müdafiə zamanı istifadə olunan texniki avadanlıq və cihazlar nümayiş etdirilib, onların təyinatı və iş prinsiplərindən danışılıb.