ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxanada “Qan ver, yaşat!” könüllü qanvermə aksiyası
Bakı, 21 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Qızıl Aypara Cəmiyyəti AMEA bölməsinin təşəbbüsü, MEK və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilati dəstəyi ilə “Qan ver, yaşat!” devizi altında könüllü qanvermə aksiyası keçirilib.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, aksiyada kitabxananın kollektivi, eləcə də AMEA-nın digər elmi müəssisələrinin əməkdaşları könüllü iştirak ediblər.
Xeyriyyə aksiyasının keçirilməsinin məqsədi qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək etmək olub.
Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunan xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən qan analizi götürülərək müəyyənləşdirilib. Sonra isə qan köçürülmələrinə başlanılıb.
Qızıl Aypara Cəmiyyəti AMEA bölməsinin sədri, biologiya elmləri üzrə fəlsəfə doktoru Ceyran Nağıyeva bildirib ki, bu cür aksiyalar həm qana ehtiyacı olanlara töhfə verir, həm də qanverən şəxsin sağlamlığı üçün faydalıdır. C.Nağıyeva belə aksiyaların akademiyanın digər müəssisə və təşkilatlarında da həyata keçiriləcəyini qeyd edib və AMEA-nın əməkdaşlarını aksiyalarda fəal iştiraka səsləyib.
Sonda Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Əziz Qocayev “Humanitar diplomatiya” kitabını MEK-in direktoru Leyla İmanovaya hədiyyə edib.