ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxanada akademik Həsən Əliyevin kolleksiyasının təqdimatı olub

Bakı, 15 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Əməkdar Elm Xadimi, Dövlət Mükafatı laureatı, akademik Həsən Əliyevin kolleksiyasının təqdimatı olub.

MEK-dən AZƏRTAC-a bildiriblər ki, bu qurumun direktoru Leyla İmanova akademik Həsən Əliyevin kolleksiyasına daxil edilən materialların hamısının kitabxananın layihəsi olan Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edildiyini söyləyib.

L.İmanova materialların elektron kataloqda da əksini tapdığını, kataloqun beynəlxalq mübadiləyə hazır vəziyyətdə olduğunu deyib. MEK-in direktoru bu mənbələrin xarici ölkələrdəki elektron kataloqlar ilə birləşdirilərək akademik Həsən Əliyevlə bağlı materialların vahid bir sistemə salına biləcəyini diqqətə çatdırıb.

Kitabxananın komplektləşdirmə bölməsinin əməkdaşı, təqdimatçı Reyhan Məmmədova akademik Həsən Əliyevin həyat və yaradıcılığı, kolleksiya barədə məlumat verib. Bildirilib ki, bu kolleksiya MEK-ə AMEA-nın Coğrafiya İnstitutunun kitabxanası tərəfindən hədiyyə edilib və buraya 488 nüsxə ədəbiyyat daxildir. Kolleksiyada 410 nüsxə rus dilində, 73 nüsxə Azərbaycan dilində, beş nüsxə isə xarici dillərdədir. Kolleksiyaya fizika, biologiya, riyaziyyat, geologiya, coğrafiya və digər elm sahələrinə aid kitablar daxildir. Kolleksiya həm elektron, həm də ənənəvi kataloqa daxil edilib, “Yer elmləri üzrə yardımçı fond”da yerləşdirilərək oxucuların istifadəsinə verilib.

Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bildirib ki, 86 il ləyaqətli ömür sürmüş görkəmli alim Həsən Əliyevin yeni alimlər nəslinin yetişməsində və onların yüksəlməsində mühüm xidmətləri olub. R.Məmmədov dünyada ilk dəfə iqlim dəyişikliyinin öyrənilməsi üçün dənizdə platforma yaradılmasının Həsən Əliyevin təşəbbüsü olduğunu deyib, alimin fəaliyyəti dövründə Coğrafiya İnstitutunun intibah dövrü yaşadığını qeyd edib.

İnstitutun direktoru dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən akademik Həsən Əliyevin anadan olmasının 110 illik yubileyi münasibətilə ölkəmizdə tədbirlərin keçirildiyini söyləyib, bu baxımdan təqdimatı yüksək dəyərləndirib.

Digər çıxış edənlər alimlə bağlı xatirələrini bölüşüb, akademik Həsən Əliyevin vətənpərvərliyindən, yüksək insani keyfiyyətlərindən söz açıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.