ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxanada ərəb və fars dillərində xeyli ədəbiyyat saxlanılır
Bakı, 12 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) şərq ədəbiyyatı fondunda saxlanılan ərəb və fars dillərində nəşrlərin təqdimatı olub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, mərasimdə MEK-in direktoru Leyla İmanova bu cür tədbirlərin artıq ənənə halına çevrildiyini söyləyib. Şərq ədəbiyyatı fondunda türkcə, farsca və ərəbcə yazılmış bir çox qaynaqların yer aldığını deyən L.İmanova akademiyanın 15 təsisçisinin büstlərindən ibarət qalereyanın tanıtım lövhələrinin Misir və Əfqanıstanın Azərbaycandakı səfirliklərinin dəstəyi ilə ərəb və fars dillərinə tərcümə edildiyini diqqətə çatdırıb.
MEK-in fondların mühafizəsi bölməsinin şərq ədəbiyyatı fondunda dünya şöhrətli orta əsr tarixçi, filosof və şairlərinin ərəb dilində 8.900 nüsxə əsərlərinin mühafizə olunduğu bildirilib.
Həmçinin fondda fars dilində 9.073 nüsxə kitab və 1.753 nüsxə jurnalın saxlanıldığı, Sədi Şirazinin “Gülüstan”, Edvard Braunun “Namehai əz Təbriz” kimi tərcümə əsərlərinin, Səfəvilər dövlətinə dair tarixi faktların, siyasi məktubların, rəsmi fərmanların yer aldığı bir çox qiymətli ədəbiyyatın mühafizə olunduğu diqqətə çatdırılıb.
MEK-in 1963-cü ildən Şərq ölkələri ilə beynəlxalq kitab mübadiləsinə başladığı, Türkiyədən 515, Misirdən 780, İrandan 615, Səudiyyə Ərəbistanından 492, Küveytdən 333 nüsxə qiymətli ədəbiyyatın alındığı bildirilib.
Fondda mühafizə olunan 3.500-dək nüsxənin elektron kataloqa salındığı qeyd edilib.
Misirin ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizov və başqaları mövzu ilə bağlı fikirlərini bölüşüblər.