ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxanada kitabxanaçılıq-informasiya sahəsi üzrə ixtisaslaşmış fondun təqdimatı olub
Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) kitabxanaçılıq-informasiya sahəsi üzrə ixtisaslaşmış fondun təqdimatı keçirilib.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin direktoru Leyla İmanova tədbirin mahiyyətindən danışıb, təqdimatın məqsədinin kitabxanada mühafizə olunan zəngin ədəbiyyatın, faktların və Azərbaycanla bağlı həqiqətlərin geniş ictimaiyyətə çatdırılması olduğunu qeyd edib. L.İmanova, kitabxanaçılıq sahəsi üzrə mütəxəssisləri təqdimatı keçirilən fond və onun gələcəkdə formalaşdırılması istiqamətində perspektivli təkliflər verməyə çağırıb.
Sonra MEK-in əməkdaşları fondun yaradılması və fəaliyyəti barədə təqdimatla çıxış ediblər. Təqdimatda bildirilib ki, 1965-ci ildə yaradılmış fonda 1910-2015-ci illər ərzində Azərbaycan, rus, ingilis və Ukrayna dillərində çap olunmuş qeyri-dövri, dövri və ardı davam edən nəşrlər, o cümlədən cari, retrospektiv və tövsiyə xarakterli biblioqrafik mənbələr daxil edilib.
Bakı Dövlət Universitetinin kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının müdiri, professor Xəlil İsmayılov Azərbaycanda kitabxanaşünaslığın nəzərəçarpacaq dərəcədə inkişaf etdiyini bildirib. Professor təqdimatlarda yerli müəlliflərin əsərlərinə geniş yer verilməsini, fond və müəllif hüquqlarının qorunması ilə bağlı təkliflərini diqqətə çatdırıb.
Digər çıxış edənlər biblioqrafiya sahəsindəki problemlər və elektron resurslardan istifadənin zəruriliyindən danışıblar.