ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxananın fondları ildən-ilə zənginləşir
Bakı, 29 dekabr, Xatirə Cəfərova, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 2016-cı ilin yekunlarına və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş “Müasir kitabxanada Azərbaycan həmrəyliyi: sərbəst elektron resurslar və milli rəqəmsal yaddaş” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verən, kitabxananın direktoru Leyla İmanova 2016-cı ildə əldə olunan mühüm nailiyyətlərdən söz açıb.
L.İmanova MEK-in idarə heyətinin 2016-2019-cu illər üçün müəyyən edilmiş strateji hədəflərindən danışıb. Birldirib ki, bu hədəflər əsasən Vahid İdarəetmə Sistemi platformasının bütün komponentlərinin tam hazırlanıb istifadəyə verilməsi, Milli Rəqəmsal Yaddaşın qeydiyyatı, rəqəmsallaşdırma və qorunub saxlanılma proseslərinin işlək səviyyəyə gətirilməsi, peşəkar heyətin formalaşdırılması və informasiya təhlükəsizliyinin təmin olunmasından ibarətdir.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli MEK-in 2016-cı ildəki fəaliyyətini təqdirəlayiq hesab edib. Akademik MEK-in xarici ölkələrin elmi kitabxanaları ilə əlaqələrini, Milli Rəqəmsal Yaddaşın formalaşdırılması, elektron idarəetmə sisteminin qurulması və fondların nizamlanması sahəsində görülən işləri, eləcə də kitabxananın elmi-ideoloji tədbirlərin həyata keçirilməsi istiqamətində əhəmiyyətli layihələrini yüksək dəyərləndirib.
Akademik hesabatın yeni formatda – strateji hədəflər daxilində əldə edilmiş mühüm nəticələr üzərində qurulmasını uğurlu addım kimi dəyərləndirib. İ.Həbibbəyli insan resurslarının inkişafı strateji hədəfi çərçivəsində əldə edilmiş nailiyyətləri, müasir, peşəkar mütəxəssislərin MEK heyətində yer almasını, “Vikipediya” komandasının əldə etdiyi uğurları diqqətə çatdırıb.
Tədbirdə mövzu ilə bağlı təqdimat olub.
Sonda L.İmanovaya Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, professor Elmira Süleymanovanın adından "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Qanununun 15-ci ildönümü münasibətilə, habelə mədəni hüquqların təbliği, əhalinin elm və yaradıcılıq potensialının inkişafı sahəsində səmərəli əməkdaşlığa görə Ombudsmanın fəxri fərmanı və Azərbaycan himnini səsləndirən xatirə medalı təqdim edilib.