ELM VƏ TEXNOLOGİYA


Mərkəzi Elmi Kitabxananın oxucuların istifadəsinə verilməsinin bir illiyi münasibətilə hesabat konfransı keçirilib

A+ A

Bakı, 27 sentyabr, P.İmanova, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) oxucuların istifadəsinə verilməsinin bir illiyi münasibətilə hesabat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli MEK-in yeni binasinin istifadəyə verilməsini Prezident İlham Əliyevin təhsilə, elmə, mədəniyyətə xüsusi diqqətinin bariz nümunəsi olduğunu vurğulayıb. Bildirib ki, AMEA-nın elmi və islahatlar mərkəzi olan kitabxana dövlətimizin başçısının iştirakı ilə keçirilən açılış mərasimindən sonra böyük inkişaf yolu keçib.

MEK-də həyata keçirilən layihələrdən və tədbirlərdən söz açan akademik bunların Azərbaycan elminin, mədəniyyətinin inkişafına töhfə verdiyini söyləyib, hazırda müasir standartlara cavab verən MEK-in hər cür zəruri avadanlıqlarla təchiz olunduğunu deyib.

Akademik MEK-də həyata keçirilən “Milli rəqəmsal yaddaş”, “Vahid idarəetmə sistemi”, “Vikipediya”, “Paralel sorğu”, “Açıq kitabxana” və digər layihələrin uğurla icra edildiyini bildirib, bu qurum ilə akademiyanın institutlarının kitabxanalarının əməkdaşlığının vacibliyini qeyd edib.

MEK-in direktoru Leyla İmanova il ərzində görülən işlər və əldə olunan nəticələr barədə hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, 2015-ci ilin oktyabrında istifadəyə verilən kitabxana 2016-2019-cu illər üçün beş əsas strateji hədəfi müəyyən edib - vahid idarəetmə sisteminin tam hazırlanıb istifadəyə verilməsi, milli rəqəmsal yaddaş bazasının işlək vəziyyətə gətirilməsi, peşəkar heyətin formalaşması, beynəlxalq əməkdaşlığın və ictimaiyyətlə əlaqələrin qurulması, informasiya təhlükəsizliyinin ən yüksək səviyyədə təmin olunması. O, kitabxananın fondların və oxucuların sayının artırılması və xidmətlər sisteminin qurulması mərhələsindən keçərək oxucu icmasının formalaşdırılmasının başlanğıcında olduğunu vurğulayıb.

Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin irsinə aid olan və fondlarda saxlanılan ədəbiyyat kitabxananın sərgi salonunda və akademiklərin zalında yerləşdirilib. Materiallar rəqəmsallaşdırılıb, elektron kataloqa və videotəqdimat formatına salınıb.

Direktor “Milli rəqəmsal yaddaş” layihəsinin Azərbaycan üçün önəmindən və bu işin kitabxanada uğurla icra olunmasından danışıb.

Sonda L.İmanova iştirakçıların suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.