ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxanaya daxil olan yeni sənədlərin təqdimatı keçirilib
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) mart ayında bu quruma daxil olan yeni sənədlərin təqdimatı keçirilib.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, kitabxananın beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü fondlarda saxlanılan incilərin, şəxsi kitab kolleksiyalarının, yeni sənədlərin təqdimatlarının hər həftə keçirildiyini söyləyib. Şöbə müdiri keçirilən tədbirlərin və görülən işlərin üç dildə yayımlanan mek.az saytında və kitabxananın sosial şəbəkələrdəki səhifələrində operativ işıqlandırıldığını vurğulayıb.
Fondların formalaşdırılması bölməsinin əməkdaşı Xədicə Ağayeva martda MEK-ə daxil olan sənədlər (kitab, jurnal, dissertasiya, avtoreferat və s.) barədə təqdimatla çıxış edib. MEK-in mart ayında hədiyyə yolu ilə 210 kitab, 157 jurnal, pulsuz məcburi nüsxə olaraq 89 kitab, 52 jurnal, 33 avtoreferat, doqquz dissertasiya, 18 elektron vəsait əldə etdiyi bildirilib.